Dünyada balina ovu ilə bağlı kvotalar artırılıb.
"Report" xəbər verir ki, bunu noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) kuluarlarında jurnalistlərə açıqlamasında ekofəal Maksel Holm bildirib.
"Bu tədbirə balina və köpək balığına münasibətdə baş verən faciəvi hadisələr haqqında danışmağa gəlmişik və fərq yaratmağa çalışırıq. Bu istiqamətdə addımların atılmasına çağırış etmək istərdik. Çünki qeyd etdiyim məsələ ilə bağlı bir çox mənfi hallardan məmnun deyilik. Məsələn, balina ovunun artmasından", - deyə o qeyd edib.
Qonağın sözlərinə görə, müasir dövrdə balinaların kommersiya məqsədilə ovlandığı bir neçə ölkə var: "Onlardan biri Norveçdir. Biz dəyişiklik etmək və bunu daha çox ictimaiyyətə çatdırmaq üçün buradayıq. Bu tədbirdə iştirak edən insanlar bilməlidirlər ki, balina ovu ilə bağlı kvotalar artırılıb".
Bu gün İsveçrə, Kanada və Böyük Britaniya ekofəalları COP29-da dərin dəniz hasilatına və balina ovuna qarşı etiraz aksiyası keçiriblər. Aksiya COP-29-un Yaşıl zonasında beynəlxalq təşkilatların, fəalların, fotoqrafların və müxtəlif ölkələrdən olan ekspertlərin dəstəyi ilə, FINS təşəbbüsü ilə keçirilib. İştirakçılar Norveç hökumətinin öz dəniz ərazilərində təbii ehtiyatların işlənməsinə başlamaq planları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər. Bu ölkədə yerli hasilat şirkətlərinə dərin dəniz hasilatı üçün lisenziyalar veriblər.