COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzinin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, açılışda COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, COP29 Azərbaycan Əməliyyat Şirkətinin Aparat rəhbəri Hikmət Mustafayev iştirak edib, Uniforma Paylanılması və Akkreditasiya Mərkəzində yaradılan şəraitlə tanış olub. Hməçinin akkreditasiya və uniforma paylama prosesinin başlanması izlənilib.
Mərkəzdə qeydiyyat, akkreditasiya kartlarının paylanması üçün zonalar, həmçinin məlumatlandırma işləri və COP29 uniformalarının paylanması üçün zonalar yaradılıb. Mərkəz həftədə 6 gün fəaliyyət göstərəcək.
COP29 konfransının təşkilinə cəlb edilmiş işçi qüvvə, könüllülər, podratçı şirkətin nümayəndələri də daxil olmaqla ümumilikdə 10 000 nəfərə yaxın əməkdaşa xidmət göstərəcək Mərkəz təyinata uyğun uniformaların və COP29 konfrans məkanı olan Bakı Stadionuna giriş imkanını əldə etmək üçün akkreditasiyaların səmərəli və sistemləşdirilmiş şəkildə təhvil-təslimini icra etməyə imkan yaradacaq.
Açılış mərasimində, həmçinin COP29 Prezidentliyinə akkreditasiya kartları təqdim olunub.
İşçi Qüvvəsi Departamentinin rəhbəri Atif Qənbərov məlumat verib ki, artıq bu gündən mərkəz hər kəsə xidmət etməyə hazırdır:
"Tədbir müddətində istifadə edilən uniforma materialları dayanıqlılıq və davamlılıq prinsipləri əsasında istehsal olunub".
Qeyd edək ki, uniformalar yerli istehsaldır.
Foto: Məhəmməd Ağayev