COP29 üçün avtobus parkının 50 %-i "Yaşıl avtobus"larla təchiz olunub

COP29
  • 21 oktyabr, 2024
  • 10:59
COP29 üçün avtobus parkının 50 %-i Yaşıl avtobuslarla təchiz olunub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün avtobus parkının 50 %-i "Yaşıl avtobus"larla təchiz olunub.

"Report" xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda keçirilən "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda seminar çərçivəsində bildirib.

Onun sözlərinə görə, COP29 çərçivəsində nəqliyyatda dayanıqlılıq məsələləri nəzərə alınıb: "Avtomobil parkına isə 150-dən çox elektrikli avtomobil daxil edilib"

Bundan başqa, A.Nəcəf qeyd edib ki, COP29-a cəlb edilən bir sıra məhsullar təkrar emal ediləcək: "Bu layihə "Təmiz Şəhər" ASC ilə birlikdə icra edilir. COP29-un məqsədi ekoloji təsirləri minimuma endirmək və ictimai iştirakçılıqla yanaşı, həm də tədbirin bütün aspektləri çərçivəsində dayanıqlı həmrəyliyi tətbiq etməkdir".

Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib. COP29-da iştirak üçün müvafiq qeydiyyat prosesindən keçən iştirakçıların sayı 32 min nəfəri keçib.COP29 konfransı beynəlxalq iqlim siyasətinin formalaşmasında əsas platforma olaraq, dünya miqyasında iqlim dəyişmələrinə qarşı mübarizə məsələlərinin müzakirə mərkəzi olacaq. Dünyanın bir sıra ölkələrindən bu müzakirələrdə iştirak etmək üçün onminlərlə nümayəndənin Bakıda qarşılanması üçün yekun hazırlıq işləri davam etdirilir.

COP BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. “COP” (Conference of Parties) Tərəflər Konfransı deməkdir. Tərəflərin Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.