Bakıda keçirilən COP29-dakı çoxsaylı qonaqlar Azərbaycan təbiəti ilə tanışlıq imkanını həm də amerikalı fotoqraf Bred Uilsonun (Brad Wilson) fotosərgisində əldə edir.
"Report" xəbər verir ki, COP29 çərçivəsində Heydər Əliyev Mərkəzi tərəfindən Mavi Zonada “Digər dünya” (The Other World) adlı sərgi təqdim olunur.
Klassik heyvan şəkilləri çoxsaylı şəxsi və muzey kolleksiyalarında saxlanılan Bred Uilsonun COP29-da təqdim etdiyi əsərlərin özəlliyi ondan ibarətdir ki, heyvanlar kontekstdən və diqqətdən yayındırılmadan qara fonda çəkilib.
Fotoqrafın bu üsulla yaratdığı portretlər tamaşaçı ilə təsvirlər arasında daxili dialoqa təkan verir, insanlara təbiətlə əbədi əlaqəni xatırladır.
Sərgisinin təşkili məqsədilə avqust ayında ölkəmizə səfər edən amerikalı fotoqraf Şamaxıda Alpaka fermasında, Safari parkda olub, həmçinin Bakıdakı Binə Atçılıq Mərkəzində Qarabağ atları ilə çoxsaylı fotoçəkilişlər edib.
Layihənin COP29-dakı təqdimatında çıxış edən müəllif Bred Uilson və kurator Olqa Daniele Azərbaycan təbiəti, xalqımızın zəngin mədəniyyəti ilə yaxından tanışlığa dəstək göstərən Heydər Əliyev Mərkəzinə təşəkkürlərini bildiriblər.
Fotoqraf Azərbaycanı “incəsənət, memarlıq və həyat tərzində müasir ideyaları əhatə edən, eyni zamanda keçmişini yaddan çıxarmayan və şərəfləndirən bir məkan” kimi təsvir edib.
Qeyd edək ki, Bred Uilson müəllifi olduğu işlərdə ətrafdakı gözəlliklə yanaşı, qeyri-adi, mürəkkəb anları da lentə almağa çalışır. Onun fotoşəkilləri "Microsoft", "Apple", "Sony", "CNN", "CBS News", Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF), "Greenpeace" təşkilatının məqalələrində və reklamlarında yer alıb.
Foto: Samirə Həsənova