COP29 Azərbaycana qlobal mediaya açılmağa böyük şans yaradacaq - RƏY

COP29 Azərbaycana qlobal mediaya açılmağa böyük şans yaradacaq - RƏY COP29-un Azərbaycan mediasında işıqlandırılması planetin gələcəyini formalaşdıracaq konstruktiv müzakirələr, əlamətdar qərarlar və dayanıqlı gələcək üçün atılan birgə addımları dünya ictimaiyyətinə çatdırmağa unikal imkan yaradacaq. 
COP29
15 Avqust , 2024 14:27
COP29 Azərbaycana qlobal mediaya açılmağa böyük şans yaradacaq - RƏY

COP29-un Azərbaycan mediasında işıqlandırılması planetin gələcəyini formalaşdıracaq konstruktiv müzakirələr, əlamətdar qərarlar və dayanıqlı gələcək üçün atılan birgə addımları dünya ictimaiyyətinə çatdırmağa unikal imkan yaradacaq. Konfrans çərçivəsində nəzərdə tutulmuş peşəkar məzmun və infrastruktura birbaşa çıxış əldə etməklə yüksək səviyyəli danışıqları əyani və ya onlayn şəkildə izləyən, iqlim dəyişmələri sahəsində elmi və texnoloji yeniliklərdən xəbərdar olan, eləcə də tədbirin rəqəmsal qlobal auditoriya platformasından yararlanan jurnalistlər informasiya müharibəsində aktiv iştirak etməlidir. Onların maneəsiz fəaliyyəti üçün akkreditasiya portalı yaradılıb. Portal vasitəsilə dünyanın hər yerindən media nümayəndələri UNFCCC (United Nations Framework Convention on Climate Change) katibliyinə akkreditasiya üçün müraciət edə bilərlər. Bunun Azərbaycan üçün əhəmiyyətli dərəcədə önəmi var. Belə ki, jurnalistlər tədbir çərçivəsində təşkil ediləcək mətbuat konfransları, brifinqlər və digər media tədbirlərinə qatıla biləcək, eyni zamanda tədbir məkanında yerləşən mətbuat mərkəzlərinə və media zonalara giriş əldə edəcəklər. Bu da Paris İqlim Sazişi və COP29 haqqında hazırlanan materiallarda ölkəmizin qlobal müstəvidə gerçəkləşdiriləcək layihələrdə rolunun artacağı deməkdir.

Məsələ ilə bağlı MEDİA-nın Müşahidə Şurasının üzvü, filologiya elmləri doktoru Vüqar Zifəroğlu “Report”a açıqlamasında deyib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycana qlobal mediaya açılmağa böyük şans yaradacaq:

"COP29 vaxtı informasiyanın yayılması üçün ən effektiv iki üsul var. Azərbaycanda müxtəlif xarici dillərdə kontent təqdim edən saytlar var. Hətta ərəb və fars dilində xəbərlər yazan saytlarımız mövcuddur. COP29 ərəfəsində həmin saytlarda konfrans ilə bağlı maarifləndirici məlumatların, hazırlıqlarda görülən işlərlə bağlı əhatəli yazıların, ekspert rəylərinin yazılması informasiyanın qlobal mediaya daha asan çatmasına yol açacaq. Təkcə milli yox, həm də xarici və COP üzrə mütəxəssisləşmiş ekspertlərin rəylərini təqdim etmək daha məqsədə uyğundur. Bu xarici media üçün əlavə informasiya bazası deməkdir. Bu da öz növbəsində Azərbaycanın bu mötəbər, ciddi tədbirə necə hazırlaşması və nə dərəcədə əhəmiyyət verməsi barədə dünya ölkələrində obyektiv təsəvvür formalaşdıra bilər”.

 Vüqar Zifəroğlu
Vüqar Zifəroğlu

Onun sözlərinə görə, Azərbaycanın COP29-la bağlı qlobal müstəviyə köçürəcəyi layihələri tanıtmaq üçün beynəlxalq media ilə də əməkdaşlıq edilməlidir:

“Daha yaxşı olardı ki, ekspertlərimizin öz saytlarımızda olan xaricidilli xəbərlərlə yanaşı, qlobal mediada da Azərbaycanın COP29 sahəsində gördüyü işlər və onun əhəmiyyəti ilə bağlı, ekologiya sahəsində atılan addımlar barədə daimi yazıları çap edilsin. Bunun üçün beynəlxalq media ilə sıx əməkdaşlıq etmək lazımdır”.

Ekspert həmçinin Qarabağın fauna və florasına dəymiş zərərin də qlobal mediaya daşınmasının zəruri olduğunu söyləyib:

“Azərbaycan uzun illər ekoloji terrora məruz qalıb. Bu terror ermənilər tərəfindən törədilib. Qarabağdakı flora və faunamız məhv olub. Ağaclarımız kəsilib, çay və bulaqlarımız qurudulub, qaydalara əməl edilmədən faydalı qazıntıların istismarı aparılıb. Ermənilərin ekoloji terroru ölkəmizin su idarəetməsi və planlaşdırılması sisteminə də mənfi təsir edib. Buna misal olaraq Ermənistanın transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirməsini göstərmək olar. Hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirklənib. Azərbaycan ərazilərindən keçən Araz çayının 43 km hissəsindəki mikroflora və mikrofauna tamamilə məhv edilib. Bu səbəbdən suyun tərkibindəki ağır metalların miqdarı normadan çoxdur. Biz bu terroru hiss etmişik. Düşünürəm ki, bununla bağlı beynəlxalq mediaya ekspert rəylərinin çıxarılması zəruridir. Həmçinin sözügedən mövzu ilə əlaqəli xarici ekspertlərin də rəylərinin beynəlxalq mediaya təqdim edilməsi məqsədə uyğun olar. Hər kəsə məlumdur ki, COP29 ciddi, bir o qədər əhəmiyyətli və beynəlxalq tədbirdir. Əhəmiyyətinə görə belə nüfuzlu tədbirdə Azərbaycanda keçirilən istər ekoloji layihələrin istərsə də, ekologiyaya dəstək verən müəyyən transmilli layihələrin həyata keçirilməsi gələcəkdə ölkəmiz üçün çox böyük perspektivli imkanlar yaradacaq".

V.Zifəroğlu COP29 zamanı Paris İqlim Sazişi haqqında hazırlanan materiallarda Azərbaycanın qlobal müstəvidə gerçəkləşdirilən layihələrdə rolunun böyük olacağını və bunun qlobal müstəviyə doğru üsullarla çatdırılmasının zəruri olduğunu vurğulayıb:

“Paris Sazişi 197 ölkənin iqlim böhranının qarşısını almaq üçün birgə hərəkət etməli olduqları barədə razılaşdıqları beynəlxalq müqavilədir. Bu sənəd BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsaslanır. Sazişin məqsədi 2020-ci ildən sonrakı dövrdə iqlim dəyişikliyi təhlükəsinə qarşı qlobal sosial-iqtisadi dayanıqlılığı gücləndirməkdir. Bu məqsəd mədən yanacaqlarının - neft və kömürdən istifadənin tədricən azaldılmasını və bərpa olunan enerjiyə meyillənməni tələb edir. Sözügedən saziş haqqında yetərincə materiallar hazırlanıb və bu il COP29 müddətində də hazırlanacaq. Həmin materiallarda iqlim dəyişikliyi barədə planlar, layihələr haqqında məlumatlar əks olunur. Qarşıda duran əsas məqsəd COP29 ərəfəsində ölkəmizin atdığı addımları, planlamalarını və aldığı qərarları qlobal müstəviyə doğru üsullarla çatdırmaqdır. Çünki COP29 qlobal media üçün Azərbaycanla tanışlıqdır. Ölkənin mədəniyyəti, insanı, tarixi ilə yaxından tanışlıq deməkdir. Biz tanışlığın daha sıx və səmimi olması üçün informasiyaları ölkə xaricinə doğru formada çatdırmağı bacarmalıyıq".

Son xəbərlər

Orphus sistemi