Ulrix Lenarts: COP29-a sədrlik edən ölkə kimi Azərbaycana böyük inam var - MÜSAHİBƏ

Ulrix Lenarts: COP29-a sədrlik edən ölkə kimi Azərbaycana böyük inam var - MÜSAHİBƏ Bu ilin noyabrında Azərbaycanın paytaxtı Bakı dünyada iqlim siyasətinin mərkəzinə çevriləcək. Belə ki, burada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Cənubi Qafqaz ölkəsində ilk dəf
COP29
24 May , 2024 12:03
Ulrix Lenarts: COP29-a sədrlik edən ölkə kimi Azərbaycana böyük inam var - MÜSAHİBƏ

Bu ilin noyabrında Azərbaycan dünyada iqlim siyasətinin mərkəzinə çevriləcək. Belə ki, paytaxt Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Cənubi Qafqaz ölkəsində ilk dəfə iqlim konfransının keçirilməsi barədə qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Bu tədbir çərçivəsində Bakının 70-80 minə yaxın xarici qonağı qəbul edəcəyi gözlənilir.

Belçikanın Xarici İşlər, Xarici Ticarət və İnkişaf üzrə Federal Dövlət Xidmətinin ətraf mühit, iqlim siyasəti və əməkdaşlıq üzrə direktor müavini Ulrix Lenarts “Report”a müsahibəsində iqlim dəyişikliyi ilə mübarizədə COP sessiyalarının əhəmiyyəti, COP29-a hazırlıq prosesində diqqət yetirilməli olan əsas vəzifələr, Belçika ilə Azərbaycan arasında bu istiqamətdə əməkdaşlığın qurulmasının mümkünlüyü və digər mövzular barədə danışıb.

- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarında iştirak edən biri kimi bu tədbirlərin əhəmiyyətini necə xarakterizə edərdiniz?

- Əslində, “Paris Sazişi” iqlim dəyişikliyi ilə bağlı deyil, temperaturla bağlı dəqiq hədəflər qoyaraq, 5 illik tsikl üzrə fəaliyyət göstərir. Bununla temperaturun 2 dərəcədən aşağı, bəlkə də hətta 1,5 dərəcə altında olması hədəflənir. Yəni bizim çox aydın uzunmüddətli hədəflərimiz var.

İllik COP sessiyası isə bu məqsədlərə nail olmaq üçün hər kəsi bir araya gətirmək üçün ildə bir dəfə ələ düşən fürsətdir. COP unikal hadisədir, başqa sahələrdə bu qəbildən tədbirlər keçirilmir.

Birincisi, “Paris Sazişi”nin həyata keçirilməsi istiqamətində irəliləyişlə bağlı razılaşdırılmış qlobal konsensusa nail olmaq üçün hökumətlər arasında real danışıqlar aparılır.

İqlim dəyişikliyi ilə mübarizə üçün fəaliyyət proqramı var. Yəni müxtəlif maraqlı tərəflər, həmkarlar ittifaqları, biznes qurumları, gənclər müəyyən təşəbbüslər nümayiş etdirir, onlar da öz tərəflərindəki məqsədləri təmsil edirlər. Bu, çox vaxt danışıqlar aparılan məsələlərlə bağlıdır. Yəni onlar danışıqların nəticəsinin necə olacağı ilə bağlı əlavə gözləntilər yaradırlar.

Əlbəttə ki, COP iqlim məsələlərində iştirak edən bütün iştirakçıların bir araya gəlmək imkanına malik olduğu tədbirdir. Düşünürəm ki, ilkin məqsəd bu deyildi, lakin enerji keçidi, həmçinin uyğunlaşma müxtəlif aspektləri əhatə etdiyinə görə, bu iştirakçılar COP sessiyalarına qoşulmaq, təcrübələrini nümayiş etdirmək, başqaları ilə tərəfdaşlıq münasibətləri qurmaq və danışıqların gedişinə necə təsir etmək barədə biliklərini nümayiş etdirmək üçün tədbirdən görüş yeri kimi istifadə etmək qərarına gəliblər.

Fikrimcə, məhz bu amillər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarının unikallığını vurğulayır.

- Bakıda keçiriləcək iqlim konfransı ilə bağlı gözləntiləriniz nədir? Sizcə, COP29-un gündəliyində hansı məsələlər olacaq?

- Hesab edirəm ki, COP29 komandası qarşında çətin vəzifə dayanır. Belə ki, onların qarşısında iddialı beşillik tsiklin sona çatdığı dövrdə Dubayda razılaşdırılmış məsələləri həyata keçirmək vəzifəsi dayanır.

Hazırlıqlar iki il ərzində aparılıb, çoxsaylı elmi hesabatlar hazırlanıb, bir çox texniki müzakirələr həyata keçirilib və nəticə etibarı ilə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) üçün aydın tövsiyələr verilib. Bu milli iqlim hədəfləri 2025-ci ilin əvvəlindən gec olmayaraq təqdim edilməlidir.

Bu baxımdan, COP29-un bu milli hədəflərə nail olmaq üçün beynəlxalq əməkdaşlığı həqiqətən gücləndirən stimullaşdırıcı konfrans olması çox vacibdir.

- Məlum olduğu kimi, iqlim maliyyəsi COP29-un əsas mövzusu olacaq. Bəs bu barədə nə deyə bilərsiniz?

- Yüksək səviyyəli maliyyə ekspertləri qrupu var və bu, yeni maliyyə məqsədinə nail olmaq üçün hazırlıqları dəstəkləmək üçün yaradılıb. Təhlillər göstərir ki, enerjinin iddialı, qüsursuz keçidinə nail olmaq və bu prosesə uyğunlaşmaq üçün tələb olunan maliyyə və investisiyanın həcmi ildə trilyonlarla ABŞ dolları təşkil edir.

Buna görə də düşünürəm ki, hazırlıq müzakirələrində hər kəs üçün çox vacib idi ki, bütün ölkələr bu çağırışa uyğun gələn, hədəflərə çatmaq üçün lazım olan məsələlərə cavab verən məqsəd görmək istəyirlər.

Əslində, iqlim maliyyəsinin əhəmiyyətli hissəsini yerli milli resurslar təşkil edir. Bu məsələdə əlverişli şəraitin olması və investisiyaların cəlb edilməsi çox vacibdir. Buna isə bərpa olunan enerji, enerji səmərəliliyi sahəsində əldə etmək istədiyiniz məsələlər üçün aydın məqsədlər qoymaqla nail olmaq mümkündür.

Üstəlik, buna tullantılarla bağlı, həmçinin onlarla ticarət etmək bağlı məhdudiyyətlərin tətbiqi və ya karbon emissiyalarına qiymət qoyulması alətlərinin həyata keçirilməsi ilə nail olmaq olar. Bunu etmək üçün bir çox yol var, amma iqlim sərmayəsini dəstəkləyən milli səviyyədə bir sistemin olması vacibdir.

Məsələn, Beynəlxalq Enerji Agentliyinin məlumatlarına nəzər yetirmək olar. Agentliyin 2023-cü il ərzində bərpa olunan enerji mənbələrinin ümumi yeni quraşdırılmış elektrik istehsal gücündə ümumi payı ilə bağlı təhlili göstərir ki, bərpa olunan həcmlərin 87 faizi məhz bərpa olunan enerji mənbələrindən əldə olunub. Buna görə də indi və yaxın gələcəkdə enerji səmərəliliyi, bərpa olunan enerji sahələrində çox sayda beynəlxalq enerji investisiyası həyata keçirilir və keçiriləcək.

Təəssüf ki, Beynəlxalq Enerji Agentliyinin və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təhlili onu da göstərir ki, bərpa olunan enerjiyə investisiyalar, həmçinin enerji səmərəliliyi çox qeyri-bərabər paylanılır. Bu isə onu göstərir ki, investisiyalar əsasən inkişaf etmiş ölkələrdə, o cümlədən Çində cəmləşib. Bu isə qismən həmin ölkələrdə investisiyanın yüksək qiyməti ilə bağlıdır. Əlbəttə ki, COP-un beynəlxalq iştirakçılar arasında daha çox risk götürməyi təşviq etməsi, eyni zamanda, bu ölkələrin milli səviyyədə maliyyə vəsaitlərinin cəlb oluna biləcəyi əlverişli mühit yaratmaq yolu bu riski minimuma endirməsi vacibdir.

- Sizcə, Azərbaycan və Belçika iqlim dəyişikliyi təşəbbüslərinin həyata keçirilməsi məsələsində necə əməkdaşlıq edə bilər?

- Belçika Şimal dənizində kifayət qədər kiçik akvatoriyaya malikdir. Amma 2030-cu ilə qədər Belçikada ev təsərrüfatlarının ümumi enerji istehlakına bərabər olan dəniz külək enerjisi istehsal edə biləcəyik. Bunu qoyduğumuz investisiyalar, həmçinin gözlədiyimiz əlavə sərmayələr, eləcə də bərpa olunan enerji sahəsində, xüsusən dənizdə külək enerjisi istehsalı və “yaşıl hidrogen” sahəsində bütün iştirakçılarla sıx əməkdaşlıq sayəsində həyata keçirəcəyik.

Bu məsələni ona görə qeyd edirəm ki, Azərbaycan və bu regionun digər ölkələri, şübhəsiz ki, oxşar regional enerji əməkdaşlığı təşəbbüslərini nəzərdən keçirir və davam etdirirlər. Düşünürəm ki, ölkələrin regional şəbəkə inteqrasiyasına necə nail olması ilə bağlı təcrübələrimizi bölüşmək maraqlıdır. Bu, çox çətin vəzifədir.

Məsələn, söhbət Şimal dənizində təkcə enerji hasilatının həyata keçiriləcəyi ərazilərin müəyyən edilməsindən, investorların cəlb edilməsindən deyil, həm də yaxınlıqdakı külək elektrik stansiyalarında hasil edilən enerjini paylayacaq və müəyyən məqamda enerjinin həddindən artıq istehsalı zamanı bir növ bufer rolunu oynayacaq “enerji adası”nın yaradılmasından getmir. Həm də söhbət istehsal azalacağı təqdirdə əldə olan artıq enerjidən istifadə edilməsindən gedir. Amma bunun üçün həm də ötürücü şəbəkələrin, qitə ilə əlaqənin yaradılması və digər məsələlər tələb olunur.

Bütün bunların həyata keçirilməsi məqsədilə böyük təcrübə və bir çox iştirakçıların birgə səyləri lazımdır. Odur ki, hesab edirəm ki, bu, həm Azərbaycanın, həm də Belçikanın dənizə çıxışı olan ölkələr kimi əməkdaşlıq və fikir mübadiləsi üçün imkanlara malik ola biləcəyi sahədir.

- COP29 komandasının işini və bu irimiqyaslı tədbirə hazırlığı necə qiymətləndirərdiniz?

- COP29 sədrliyi ilə fikir mübadiləsi çox müsbət keçib. Bu 6 ayda Avropa İttifaqına sədrlik etdiyimiz üçün qəbul etdiyimiz ilk qərarlardan biri COP29 komandası ilə görüşmək üçün Bakıya səfər etmək idi. Tədbirə sürətli hazırlıq prosesi bizdə dərin təəssürat yaradıb. Çünki faktiki qərarın verilməsindən çox az vaxt keçib. Yəni 2023-cü ilin dekabrında COP29-un Azərbaycanda keçirilməsinə qərar verilib ​​və komanda ilə görüşümüz isə fevralın sonu-martın əvvəlində baş tutub.

Söhbət etdiyimiz hər kəs mövzular, məsələlər və COP sədrliyinin rolu haqqında çox məlumatlı idi. Buna görə də bizim COP29-a ev sahibliyi edən və sədrlik edən ölkə kimi Azərbaycana böyük inamımız var.

İqlim maliyyəsi ilə bağlı nəticə əldə ediləcəyinə ümid edirik və digər nəticələrinin də əldə olunacağına inanırıq. Biz həmçinin iqlim ambisiyalarını dəstəkləyən bazar mexanizmi baxımından bu nəticəyə nail olacağımıza ümid bəsləyirik. Gender məsələləri üzrə fəaliyyət planının icmalı təqdim olunub. Ümid edirik ki, bu məsələ də həllini tapacaq.

Son xəbərlər

Orphus sistemi