İqlim maliyyələşdirilməsinin illik həcmi 5 trilyon dollar məbləğində təsdiq edilməlidir.
“Report” xəbər verir ki, bu barədə COP29 iqlim konfransı çərçivəsində dünya üzrə 1300-dən çox ekoloji qeyri-hökumət təşkilatını birləşdirən qlobal şəbəkə olan “Climate Action Network International”ın keçirdiyi mətbuat konfransında bildirilib.
"İnkişaf etmiş ölkələr hərbi əməliyyatlar, çirkləndirici müəssisələrin sayının artırılması üçün pul tapır, iqlim sammitlərinə gəlincə isə pulun olmadığını bildirir", - təşkilatın icraçı direktoru Tasnim Essop deyib.
"Hazırda keçirilən COP çərçivəsində bütün tərəfləri iqlim maliyyələşdirilməsi təşəbbüsləri ilə bağlı danışıqlara cəlb etməyi planlaşdırırıq", - icraçı direktor bildirib və əlavə edib ki, qlobal şimalın iqlim dəyişikliyi məsələlərində yaranmış vəziyyətə görə qlobal cənub qarşısında borcu var və bu ölkələr öz öhdəliklərini yerinə yetirməlidir.
Onun sözlərinə görə, təşkilat inkişaf etmiş ölkələrin İtki və Zərər Fonduna vəsait qoyacağına əmin olmaq istəyir.
Maliyyələşdirmədən danışan “Power Shift Africa” analitik mərkəzinin (Nayrobi, Keniya) direktoru Məhəmməd Adou da inkişaf etmiş ölkələr tərəfindən iqlim maliyyələşdirilməsinin vacibliyini qeyd edib.
"Əgər iqlim maliyyələşdirilməsinin arxitekturasına nəzər salsanız, orada tarazlığın olmadığını görəcəksiniz", - o bildirib.
Mərkəzin direktoru vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrin “yaşıl keçid” zamanı fərqi minimuma endirə bilməsi üçün varlı ölkələr daha çox vəsait ayırmalıdır.