Qlobal cənubun postmüstəmləkə quruluşuna, eləcə də yerli əhalinin əziyyət çəkdiyi ölkələrə yenidən baxılmalıdır.
“Report” xəbər verir ki, bu barədə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "COP-un nəticələrinə yerli xalqların baxışı" mövzusunda keçirilən USCAN konfransında bildirilib.
Qlobal müstəmləkə keçmişini yaşamış yerli xalqların və qlobal cənubun nümayəndələri qrupu iqlim dəyişiklikləri ilə mübarizəyə çağırış edib. Onlar qlobal iqlim maliyyəsinin vacibliyini müzakirə ediblər.
"COP29-da biz müstəmləkə zülmündən əziyyət çəkən qlobal cənuba birbaşa təsir göstərən iqlim dəyişikliyini minimuma endirmək üçün birlikdə işləməliyik", - Amerika yerli xalqalrının nümayəndəsi Ceykob Cons bildirib.
Konfrans zamanı, həmçinin Yaxın Şərqdəki münaqişə, onun ətraf mühitə təsiri və iqlim maliyyələşdirilməsinin çatışmazlığı müzakirə edilib.
"Söhbət təkcə iqlim dəyişikliyində deyil, iqtisadiyyata və siyasətə yanaşmamızdan gedir", - Misir və Fələstinin nümayəndəsi Aya Kurşid qeyd edib.
Konfransın yekununda iştirakçılar qeyd ediblər ki, bəşəriyyət COP kimi tədbirlərin əhəmiyyətini, iqlim dəyişiklikləri ilə mübarizədə birləşməyin vacibliyini xatırlamalı və maliyyələşdirməyə görə öz üzərinə məsuliyyət götürməlidir.
"İnkişaf etmiş ölkələr başa düşməlidirlər ki, uğur qazanmaq istəyiriksə bu prosesə trilyonlarla dollar maliyyə ayrılmalıdır" - C.Cons yekunlaşdırıb.
FOTO: Vüqar Xanlarov