İqlim maliyyələşməsi ilə bağlı dünya dövlətlərinin gözləntisinə uyğun qərar qəbul olunacağına ümid edirik.
“Report”un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir xatırladıb ki, bu il keçirilən COP29-un əsas mövzusu iqlim maliyyələşməsidir:
“Bununla bağlı COP29-a hazırlıq dövründə intensiv danışıqlar, müzakirələr aparılırdı. Bu müzakirələr hazırda davam edir”.
C.Bayramov deyib ki, COP29-un son dəqiqələrinə qədər bu mövzuda müzakirələr davam edəcək:
“Hesab edirəm ki, Bakıda keçirilən COP29-da çox böyük uğurların şahidi olmuşuq. Bunların sırasında COP29-un proqramının tədbirin ilk günündə ölkələr arasında razılaşdırılması və konsensusun əldə olunub elan edilməsidir. Qeyd edim ki, proqramın təsdiq edilməsi belə konfranslarda günlərlə davam edirdi. Bu məsələnin önəmi ondan ibarətdir ki, gündəliklə bağlı tam konsensus əldə edilməyincə digər məsələlərin müzakirəsinə keçmək mümkün deyil”, - nazir deyib.
Digər uğur kimi, XİN rəhbəri Paris razılaşmasının uzun illər müzakirə edilən və konsensusu tapılmayan dünyada karbon kreditləri bazarını təsdiqləyən maddəsi üzrə razılığın əldə edilib, elan olunmasını göstərib.
Onun sözlərinə görə adıçəkilən bazar növbəti illərdə trilyonlarla dollar həcmində ölçüləcək.
“Buradan ölkələrə daxil olan vəsaitin böyük bir hissəsi iqlim mövzusuna yönəldiləcək”, - o deyib.
C.Bayramov bildirib ki, COP29 çərçivəsində beynəlxalq maliyyə institutları alternativ enerjiyə investisiyalarını 75 milyard dollardan öhdəlikdən 170 milyarda dollara qədər artırılması barədə qərar qəbul olunub.