Nəqliyyat sektorunun əsas prioritetlərindən biri səmərəli, etibarlı və dayanıqlı nəqliyyat əlaqələrinin və təchizat zəncirlərinin yaradılmasıdır.
“Report” xəbər verir ki, bunu Bolqarıstanın nəqliyyat və kommunikasiyalar nazirinin müavini Jivko Petrov COP29 çərçivəsində təşkil eidlmiş “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.
"Bu sektor, vətəndaşların və biznesin ehtiyaclarını təmin etmək, onları zəruri mallar, xammal və bazarlarla təmin etmək məqsədi daşıyır. Bu istiqamətdə əsas addım nəqliyyat marşrutlarının, xüsusən də Mərkəzi Asiya ölkələri ilə əlaqənin şaxələndirilməsidir. Bolqarıstanın Qara dənizin qərb sahilində yerləşməsi ölkənin regiondan keçən ticarət axınları üçün strateji giriş nöqtələri kimi dəniz limanları yaratmaqla mühüm rol oynaması üçün ilkin şərt yaradır. Bu istiqamətdə münasib fürsət müxtəlif ölkələri, o cümlədən Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edən və Avropa ilə Asiya arasında mühüm əlaqə olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafıdır. Bolqarıstan dəniz limanlarının nəqliyyat potensialı əhəmiyyətlidir ki, bu da onların Trans-Avropa nəqliyyat şəbəkəsinə daxil olması ilə özünü göstərir. Limanlarımız avtomobil və dəmir yolu sistemi ilə bağlıdır və səylərimiz ölkənin daxili hissələri ilə əlaqəni müasirləşdirmək, dəniz nəqliyyatını modallığın əsas komponentinə çevirməkdir", - deyə o qeyd edib.
Bolqarıstan rəsmisi əlavə edib ki, infrastruktur tədbirləri ilə yanaşı, regionda daşımaların rəqəmsallaşdırılması üçün tərəfdaşlığın yaradılması vacibdir: "Bu da trafikin daha yaxşı idarə edilməsinə kömək edir. Bolqarıstanın dəniz limanları üçün elektron məlumat mübadiləsi sistemi, yəni liman icması sistemi hazırlayıb və tətbiq edib. Bolqarıstan iki dəniz limanı ilə müasir dəmir yolu əlaqələrinin qurulması üçün əhəmiyyətli səylər göstərir ki, bu da yükün gəmilərdən vaqona daşınmasına və sonradan ölkə daxilində sürətli, təhlükəsiz və səmərəli daşınmasına imkan verəcək. Hazırda Sofiya - Plovdiv - Burqas istiqamətində dəmir yolu layihələri həyata keçirilir. 2023-cü ilin sonunda Burqas limanı ilə yaxınlıqdakı dəmir yolu stansiyası arasında birbaşa dəmir yolu bağlantısının tikintisi başa çatdırılıb. Bu da yük qatarlarının Burqar limanından ölkənin daxili dəmir yolu əlaqəsinə keçidini xeyli asanlaşdırıb. Qara dənizin potensialından tam istifadə etmək üçün regionun digər ölkələri ilə tərəfdaşlığı dərinləşdirmək vacibdir. Həm TRACECA əhəmiyyətli regional təşəbbüs, həm də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində səylərimiz bu istiqamətdə yönəldilir".