BƏƏ naziri: "Bakı Təşəbbüsü ərzaq sistemlərinin qlobal transformasiyasının vacibliyini bir daha ön plana çıxarır"

BƏƏ naziri: "Bakı Təşəbbüsü ərzaq sistemlərinin qlobal transformasiyasının vacibliyini bir daha ön plana çıxarır" Ərzaq sistemlərinin transformasiyası Paris Sazişinin məqsədlərinə nail olmaq üçün əsas şərtdir.
COP29
19 Noyabr , 2024 12:33
BƏƏ naziri: Bakı Təşəbbüsü ərzaq sistemlərinin qlobal transformasiyasının vacibliyini bir daha ön plana çıxarır

Ərzaq sistemlərinin transformasiyası Paris Sazişinin məqsədlərinə nail olmaq üçün əsas şərtdir.

“Report” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim dəyişikliyi və ətraf mühit naziri Amna Al Dahak COP29 çərçivəsində təşkil olunan “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə bildirib.

Nazir qeyd edib ki, COP28 zamanı qəbul edilmiş Davamlı Kənd Təsərrüfatı, Ərzaq Sistemləri və İqlim Fəaliyyəti haqqında Bəyannamə artıq 160 ölkə tərəfindən təsdiqlənib. “Bu bəyannamə ərzaq sistemlərini iqlim çağırışlarına uyğunlaşdırmaq və qlobal səyləri birləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır,” - deyə o vurğulayıb.

Amna Al Dahak çıxışı zamanı 2021-ci ildə COP26-da başlanan "Aim for Climate" təşəbbüsünün qısa müddətdə əldə etdiyi uğurlara toxunub. O bildirib ki, bu təşəbbüsün tərəfdaşlarının sayı 79-dan 800-ə, iştirakçı ölkələrin sayı isə 31-dən 56-ya qədər artıb. Təşəbbüs çərçivəsində ümumilikdə 29,2 milyard ABŞ dolları məbləğində investisiya cəlb edilib. “Bu təşəbbüs iqlimə uyğun kənd təsərrüfatı həllərinin inkişafına dəstək verir və innovasiyaların tətbiqinə şərait yaradır,” - deyə nazir əlavə edib.

O, həmçinin BƏƏ-nin "Milli Ərzaq Təhlükəsizliyi Strategiyası 2051" çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir bildirib ki, bu strategiya iqlimə davamlı kənd təsərrüfatı texnologiyalarını tətbiq etməklə məhsuldarlığı artırmaq və yerli ərzaq istehsalını gücləndirmək məqsədini daşıyır. Bundan əlavə, yaxınlarda istifadəyə verilmiş “BƏƏ Planı: Əmirliklər Proqramı” çərçivəsində kənd təsərrüfatı texnologiyalarının inkişafına, "yaşıl sahələri"n genişləndirilməsinə və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş tədbirlər həyata keçirilir.

Amna Al Dahak çıxışı zamanı proqram çərçivəsində yaradılmış Milli Kənd Təsərrüfatı Mərkəzi barədə də danışıb. O bildirib ki, bu mərkəz fermerlərə texniki dəstək göstərərək iqlimə uyğun kənd təsərrüfatına keçidi asanlaşdıracaq.

Nazir, həmçinin, Azərbaycanın COP29 prezidentliyi çərçivəsində irəli sürdüyü Harmoniya Təşəbbüsünü dəstəklədiklərini qeyd edib. O vurğulayıb ki, bu təşəbbüs ərzaq sistemlərinin qlobal transformasiyasının vacibliyini bir daha ön plana çıxarır.

“BƏƏ, innovasiya və əməkdaşlıq vasitəsilə iqlim dəyişikliyinə qarşı mübarizədə liderliyini davam etdirəcək,” - deyə nazir çıxışını yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi