Baydenin müşaviri: COP29-da karbon vergisi ilə bağlı irəliləyiş əldə edilə bilər

Baydenin müşaviri: COP29-da karbon vergisi ilə bağlı irəliləyiş əldə edilə bilər ABŞ COP29 iqlim konfransında karbon vergisi (karbon qazı emissiyalarına görə vergi) ilə bağlı əhəmiyyətli irəliləyişin əldə olunacağından əmindir.
COP29
11 Oktyabr , 2024 21:21
Baydenin müşaviri: COP29-da karbon vergisi ilə bağlı irəliləyiş əldə edilə bilər

ABŞ COP29 iqlim konfransında karbon vergisi (karbon qazı emissiyalarına görə vergi) ilə bağlı əhəmiyyətli irəliləyişin əldə olunacağından əmindir.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podesta azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“COP28-in əsas nəticələrindən biri dünyanın XXI əsrin ortalarına qədər xalis sıfır emissiyaya çatması üçün bütün ölkələrin iqtisadi səviyyələrinə uyğun istixana qazlarını azaltmaq üzrə razılaşdırılmış öhdəliklər götürmələri barədə qərar oldu. Vaxt çərçivələri ölkələrdən asılı olaraq dəyişir: ABŞ, Avropanın böyük hissəsi, Yaponiya və bir çox başqa ölkələr 2050-ci ili hədəfləyir, Çin isə 2060-cı ilə qədər xalis sıfır emissiyanı hədəfləyir. Lakin bu məqsədlərə nail olmaq üçün tədbirlər kompleksi milli şəraitdən asılı olacaq”, – o deyib.

Podesta həmçinin vurğulayıb ki, Paris Sazişinin karbon bazarları və karbon ticarəti ilə bağlı 6-cı maddəsi COP konfranslarında əsas məsələlərdəndir.

“Ölkələrə karbon emissiyalarının azaldılması ilə bağlı ticarətin uçotunu aparmağa imkan verən, eləcə də etibarlı özəl sektor karbon bazarlarının yaradılmasını təşviq edən 6-cı maddə müzakirələrin mərkəzindədir. Bu bazarlar emissiyaların azaldılmasının maliyyələşdirilməsi və dayanıqlılıq, adaptasiya və təbiətin qorunmasına investisiyalar üçün istifadə edilə bilər. Gündəlikdəki əsas məsələlərdən biri ilə bağlı artıq xeyli irəliləyiş əldə etmişik və ikincinin həllinə doğru gedirik. Bu, inkişaf etməkdə olan ölkələrə əhəmiyyətli investisiyalar cəlb edə, meşələrin mühafizəsini dəstəkləyə, emissiyaları azalda və bərpa olunan enerji mənbələrinə keçidi təmin edə bilən Paris Sazişində vəd edilmiş karbon bazarı rejiminin yaradılması istiqamətində mühüm addım olacaq”, – Podesta əlavə edib.

Son xəbərlər

Orphus sistemi