Avropa və dünya enerji keçidi yolunda kompromislər barədə daha dürüst danışmalı və hər ölkə öz iddialı yolunu müəyyən etməlidir.
“Report” xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Bakıda COP29 liderlər sammitində çıxışı zamanı bildirib.
"Biz mühüm bir məqamda görüşdük. İqlim dəyişir və bu, müzakirələrimizə daha çox təcililik qatır", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, Yunanıstan “yaşıl enerji” keçidinə doğru islahatları davam etdirir, bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirir.
"Lakin gələcəkdə fəaliyyətlərimizi daha da sürətləndirməliyik. Qarşımızda vətəndaşlarımızın qəbul edəcəyi, şirkətlərimizə zərər verməyəcək və Avropada siyasi çəkişmələrdən qaçmağa kömək edəcək bir keçidi təmin etmək məsələsi durur", - o bildirib.
K.Mitsotakis hesab edir ki, hər bir ölkə öz iddialı yolunu müəyyən etməli və yeni texnologiyaları dəstəkləməlidir: "Vətəndaşlarımız görünməmiş iqlim fəlakətləri ilə üzləşirlər. Həyatlarının və yaşayış vasitələrinin xilasına vaxtında cavab vermək üçün daha çox resursa ehtiyacımız var. İnsanlara və icmalara fəlakətlərdən sonra bərpa olunmağa kömək etmək lazımdır".