Azərbaycanda COP Miras parkının açılması planlaşdırılır
- 21 oktyabr, 2024
- 11:28
Gələn ay Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanda COP Miras parkının açılması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda keçirilən "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda seminar çərçivəsində bildirib.
Onun sözlərinə görə, park 10 hektar ərazidə açılacaq.
Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib. COP29-da iştirak üçün müvafiq qeydiyyat prosesindən keçən iştirakçıların sayı 32 min nəfəri keçib.
COP29 konfransı beynəlxalq iqlim siyasətinin formalaşmasında əsas platforma olaraq, dünya miqyasında iqlim dəyişmələrinə qarşı mübarizə məsələlərinin müzakirə mərkəzi olacaq. Dünyanın bir sıra ölkələrindən bu müzakirələrdə iştirak etmək üçün onminlərlə nümayəndənin Bakıda qarşılanması üçün yekun hazırlıq işləri davam etdirilir.