Azərbaycanda zoonoz xəstəliklərdən irəli gələn problemlərin həlli ilə bağlı Milli Strategiya hazırlanacaq

Azərbaycanda zoonoz xəstəliklərdən irəli gələn problemlərin həlli ilə bağlı Milli Strategiya hazırlanacaq ​​​​​​​Növbəti 5 il ərzində zoonoz xəstəliklərdən irəli gələn problemlərin həll ilə bağlı Milli Strategiya layihəsi hazırlanaraq təqdim olunacaq
COP29
19 Noyabr , 2024 16:43
Azərbaycanda zoonoz xəstəliklərdən irəli gələn problemlərin həlli ilə bağlı Milli Strategiya hazırlanacaq

Növbəti 5 il ərzində zoonoz xəstəliklərdən irəli gələn problemlərin həlli ilə bağlı Milli Strategiya layihəsi hazırlanaraq təqdim olunacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda dəyirmi masada deyib.

O bildirib ki, beynəlxalq təcrübəyə uyğun olaraq respublikamızda zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün aidiyyəti qurumların birgə fəaliyyəti daim diqqət mərkəzində saxlanılır: "Mütərəqqi epidemioloji iş üçün istifadə ediləcək informasiya sisteminin qurulması, “Cəmiyyət-heyvanat aləmi - ətraf mühit” kontekstində vahid yanaşmanın tətbiq edilməsi, antimikrob rezistentliyi problemlərinin həlli, böhran vəziyyətlərinin idarə olunması və digər zəruri amillər Strategiyanın tərtib edilməsini aktuallaşdırıb. Strategiyanın icrası ilə zoonoz xəstəliklərin erkən aşkarlanması üçün çevik həll yollarına, davamlı müşahidə sisteminin və məlumat mübadiləsi üçün vahid platformanın tətbiqinə, həmçinin ölkə əhalisinin vaxtaşırı maarifləndirilməsi kimi məqsədlərə nail olunacaq. Zoonoz xəstəliklər "Vahid Sağlamlıq" yanaşmasının mərkəzində dayanır. Araşdırmalar göstərir ki, insanlarda yaranan yoluxucu xəstəliklərin 60 %-dən çoxu heyvan mənşəlidir və onların böyük hissəsi vəhşi təbiətdən qaynaqlanır".

Q.Təhməzli qeyd edib ki, epidemioloji tədqiqatlar son iki yüz il ərzində baş vermiş pandemiyaların səbəbinin zoonoz infeksiyalar olduğunu təsdiqləyib: "Bu xəstəliklərin yayılması uzunmüddətli təsirlərə malik qlobal pandemiyalara səbəb olmaqla, sosial, iqtisadi və səhiyyə sahələrinə ciddi zərər vura bilər. Bu baxımdan "Vahid Sağlamlıq" konsepsiyasının əsas prinsiplərinin təmin edilməsi üçün qida təhlükəsizliyi və digər aidiyyəti sahələr arasında sıx əməkdaşlıq, innovativ elmi yanaşmaların tətbiqi və beynəlxalq təcrübənin mənimsənilməsi olduqca vacibdir".

Son xəbərlər

Orphus sistemi