Azərbaycan səfiri: Keniya ilə münasibətlərin daha da möhkəmlənməsində maraqlıyıq

Azərbaycan səfiri: Keniya ilə münasibətlərin daha da möhkəmlənməsində maraqlıyıq Azərbaycan və Keniya ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdırlar.
COP29
24 Fevral , 2024 08:40
Azərbaycan səfiri: Keniya ilə münasibətlərin daha da möhkəmlənməsində maraqlıyıq

Azərbaycan və Keniya ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdırlar.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin “KTN News” telekanalına müsahibəsində deyib.

Keçən il Keniyanın Afrika İqlim Sammitinə ev sahibliyi etdiyini vurğulayan səfir Azərbaycanın BƏƏ və Braziliya ilə birlikdə iqlim gündəliyinin məqsədlərinə nail olmaq üçün funksional “üçlük” yaratdığını elan etdiyini xatırladıb.

"Bir-birimizi gücləndirdiyimizə əmin olmaq istəyirik. Bir-birimizdən öyrənirik və həm nailiyyətlərdən, həm də ən yaxşı təcrübələrdən istifadə edirik. Əsas odur ki, məqsədlərimizə tam şəkildə nail oluruq", - səfir vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan bu gün geniş tərəfdaşlarla işləyir və bu, çox vacibdir: "Bu, indiyə qədər toplanmış təcrübəyə əsaslanan çox vacib prosesdir. Xatırladaq ki, COP 29-un Azərbaycanda keçirilməsi barədə qərar həmişəkindən bir qədər gec qəbul edilib. Əgər Braziliyada COP30-un keçirilməsi barədə qərar may ayında verilibsə, COM 29-un Bakıda keçirilməsi barədə yalnız ötən ilin dekabrında məlum olub".

Səfirin sözlərinə görə, Azərbaycan bu tədbirin uğurlu keçməsi üçün lazım olan hər şeyi edəcək: “COP29-da inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsinə dair yeni kollektiv hədəfin razılaşdırılması planlaşdırılır”.

Sultan Hacıyev vurğulayıb ki, Afrika ölkələrinin bu sahədə toplanmış təcrübələrini nəzərə alaraq təklifləri var: “Əminəm ki, gündəmin formalaşmasına, onu daha da zənginləşdirməyə töhfə verə biləcək başqa ölkələr də var”.

Səfir Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini də xatırladıb: "Ölkəmiz sədr ölkə kimi çox fəal olub. Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı ilə bağlı bir sıra maraqlı təşəbbüslər irəli sürüb. Məsələ burasındadır ki, biz dünyanın bir çox tərəfdaşları ilə fəal şəkildə məlumat mübadiləsi aparmağa çalışırıq. Azərbaycanın Keniyada səfirlik açması isə ölkəmizin qarşılıqlı maraqlara əsaslanan fəal xarici siyasət yürütdüyünə daha bir nümunədir”.

Son xəbərlər

Orphus sistemi