Bu ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair təlimat hazırlanıb.
Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, təlimat beynəlxalq tədbir zamanı ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanıb və metodiki tövsiyə xarakteri daşıyır. Təlimatda ictimai iaşə obyektlərində qida məhsulları, işçi heyəti, təmizlik və dezinfeksiya işləri, qida tullantılarına dair qanunvericiliyin tələbləri öz əksini tapıb.
AQTA-nın COP29-la bağlı təsdiqlədiyi Tədbirlər Planına əsasən hazırlanan təlimatın ictimai iaşə müəssisələrində paylanılması nəzərdə tutulub.