Qlobal Cənub iqlim məsələlərinə maliyyənin artırılmasına və emissiyaların azaldılmasında daha böyük ambisiyalara ümid edir. Bu ada icmaları üçün COP29 konfransının yeganə məqbul nəticəsi olacaq.
Bu barədə “Report”a müsahibəsində Antiqua və Barbudanın Baş naziri Qaston Braun bildirib.
Baş nazir iqlim böhranı ilə mübarizədə qətiyyətli addımlar atmağa çağırıb və vurğulayıb ki, Qlobal Şimal ölkələri planetə vurduqları ziyanı kompensasiya etməlidirlər.
Onun sözlərinə görə, COP29 konfransının yeganə məqbul nəticəsi planeti qorumaq, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün əlavə maliyyə və bərpa olunan enerji mənbələrinə sürətli keçid barədə razılaşma olacaq:
"Ümid edirik ki, maliyyələşdirmə artırılacaq və emissiyaların azaldılmasında daha böyük ambisiyalar olacaq. Həmçinin bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, emissiyaların azaldılması və planetin qorunması üçün daha çox vəsaitin ayrılacağı yekun razılaşma gözləyirik. Bu gözləntilərdən aşağı hər hansı nəticə uğursuzluq hesab ediləcək. İlk növbədə Qlobal Şimal problemi yaradıb və biz iqlim ədalətini, iqlim dəyişikliyinə uyğunlaşa və onun təsirlərini azalda bilməyimiz üçün kompensasiya tələb edirik".