Yaşıl keçid üçün özəl kapitalın cəlb edilməsi həyati əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bunu noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Yaşıl Keçid Qarantiyası Qrupu – İnkişaf etməkdə olan və orta gəlirli ölkələrdə (EMDE) yaşıl keçidin sürətləndirilməsi üçün özəl kapitalın cəlb edilməsi" adlı tədbirdə Almaniyanın Avropa və iqlim üzrə dövlət naziri Anna Lürmann bildirib.
O, inkişaf etməkdə olan və orta gəlirli ölkələrdə (EMDE) "yaşıl keçid"in sürətləndirilməsi üçün özəl kapitalın cəlb edilməsinin vacibliyini vurğulayıb.
A.Lürmann iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması sahəsində böyük irəliləyişlər əldə etmək üçün yalnız dövlət büdcələrinin kifayət etmədiyini bildirib, özəl sektorun bu keçidə böyük dəstək verə biləcəyini və "Yaşıl Keçid Qarantiyası Qrupu" təşəbbüsünün özəl kapitalın maliyyələşdirmə mexanizmlərinə daxil edilməsi baxımından əhəmiyyətini qeyd edib: "Məqsədimiz yalnız maliyyə imkanlarını artırmaq deyil, həm də EMDE ölkələrində yaşıl texnologiya və infrastrukturun inkişafını sürətləndirməkdir".
O, eyni zamanda, bu təşəbbüsün yalnız iqtisadi inkişafa deyil, həm də ətraf mühitin qorunmasına mühüm töhfə verəcəyini vurğulayıb.
Nazir, "yaşıl keçid"in daha sürətlə həyata keçirilməsi üçün dövlətlər, beynəlxalq təşkilatlar və özəl sektor arasında daha güclü əməkdaşlıq tələb olunduğunu, yalnız bu halda dayanıqlı gələcəyin qurulacağını deyib.
A.Lürmann özəl sektorun "yaşıl keçid"in maliyyələşdirilməsində daha fəal iştirak etməsi üçün həm də yeni dəstək mexanizmlərinin qurulması zərurətini bildirib.