"Turizm haqqında" qanunda dəyişiklik edilib

"Turizm haqqında" qanunda dəyişiklik edilib “Turizm haqqında” qanunun Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədilə qanuna bir sıra əlavələr edilib
Cəmiyyət
21 Noyabr , 2014 22:05
Turizm haqqında qanunda dəyişiklik edilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Prezident İlham ƏIiyev “Turizm haqqında” qanunda dəyişiklik edilməsi barədə sənəd imzalayıb. "Report"-un məlumata görə, “Turizm haqqında” qanunun Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədilə qanuna bir sıra əlavələr edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasına gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada turizm vizası almalıdırlar. Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur. Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər. Elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər. Turistlərə elektron vizaların verilməsi qaydası Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir.

Son xəbərlər

Orphus sistemi