Bakıda məqsədli nikahların aradan qaldırılması ilə bağlı seminar keçirilir

Bakıda məqsədli nikahların aradan qaldırılması ilə bağlı seminar keçirilir Seminar sabah yekunlaşacaq
Cəmiyyət
6 Aprel , 2017 19:50
Bakıda məqsədli nikahların aradan qaldırılması ilə bağlı seminar keçirilir

Bakı. 6 aprel. REPORT.AZ/ Bakıda Dövlət Miqrasiya Xidməti (DMX) və Avropa İttifaqının (Aİ) birgə təşkil etdiyi “Avropa İttifaqı Üzv Dövlətlərində məqsədli nikahların aşkar edilməsi prosedurları və bu halların aradan qaldırılması ilə bağlı tətbiq edilən qanunvericilik” mövzusunda seminar keçirilir.

DMX-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, seminarda DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi ilə bağlı dövlət tərəfindən həyata keçirilmiş əsaslı tədbirlər barədə məlumat verib.

Tədbirdə Azərbaycanın miqrasiya qanunvericiliyinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqində sadələşdirilmələr diqqətə çatdırılıb. Misal olaraq göstərilib ki, Azərbaycan vətəndaşı ilə nikahda olan, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə, eləcə də himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan vətəndaşı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmur. Həmçinin müstəsna hal kimi təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olan və Azərbaycan vətəndaşı ilə nikahda olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti və ya daimi yaşama icazələrinin verilməsi də Miqrasiya Məcəlləsində əksini tapıb.

Qeyd edək ki, seminarda Belçika, Niderland, Slovakiya, Litva və Birləşmiş Krallıqdan ekspertlər, həmçinin ölkəmizin bir sıra dövlət orqanlarının və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Açılış mərasimindən sonra Azərbaycanda miqrasiya və sığınacaq siyasəti sahəsində Texniki Yardım və Məlumat Mübadiləsi Aləti (TAIEX) ilə əməkdaşlıqdan danışılıb, məqsədli nikahlar sahəsində Azərbaycanda mövcud olan vəziyyət və seminardan gözləntilərə toxunulub.

Seminarın işi sabah yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi