Yuxarı

Bakıda "Cinsi istismar məqsədilə insan alveri və məcburi əmək" mövzusunda təlim keçirilir

Təlim Daxili İşlər Nazirliyinin və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilir

Bakı. 13 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində "Cinsi istismar məqsədilə insan alveri və məcburi əmək" mövzusunda təlim başlayıb.

Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən "Report"-a bildiriblər ki, hüquq-mühafizə orqanları əməkdaşlarının iştirak etdikləri tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Şərif Əsədullayev respublikamızın 2003-cü ildən Birləşmiş Millətlər Təşkilatının insan alverinə qarşı mübarizəyə dair müvafiq Konvensiyasına qoşulduğunu, həmin aktual problemin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, bunun nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən insan alverinə qarşı mübarizəyə dair 2004-2018-ci illəri əhatə edən üç Milli Fəaliyyət Planı təsdiq edilib, respublika daxili işlər nazirinin müavini bu sahə üzrə məsul şəxs - Milli Koordinator təyin olunub, digər normativ-hüquqi aktlar qəbul edilib və ixtisaslaşmış xüsusi polis qurumu yaradılıb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derik Hoqanson illər respublikamızın ictimai-siyasi və iqtisadi həyatında müsbət dəyişikliklərin baş verməsindən məmnunluğunu bildirib, insan alveri ilə mübarizə sahəsində də bir sıra nailiyyətlərin əldə edildiyini, hüquqi mexanizmlərin uğurla tətbiqini, insan alveri qurbanları üçün yaradılmış şəraitin xeyli yaxşılaşdığını, bu baxımdan Azərbaycanın digər dövlətlər üçün nümunə olduğunu, göstərilən istiqamətdə ölkəmizin qabaqcıl təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

ABŞ Ədliyyə Nazirliyinin müşaviri Ceyms Benedettovə digər ekspertlər insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan dövlətinin gördüyü işlərə, həyata keçirilən tədbirlərə, layihələrə beynəlxalq səviyyədə yüksək qiymət verildiyini, bu növ cinayətkarlığın aradan qaldırılması ilə bağlı minimum standartlara əməl olunması istiqamətində hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını nəzərə çatdırıblar.

Ekspertlər həmçinin maarifləndirmə aksiyalarına gənclərin daha fəal şəkildə cəlb edilmələrinin, onların daha çox məlumatlandırılmalarının əhəmiyyətini qeyd ediblər.

İki gün davam edəcək tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi