Yuxarı

Azərbaycan hökuməti ​daha bir təqaüdün təyin olunması qaydasını təsdiqləyib

Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2015-ci il yanvarın 1-dən etibarən təyin ediləcək

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası"nı təsdiq edib.

"Report" xəbər verir ki, qaydaya əsasən, təqaüd Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların valideynlərinə və dul arvadına təyin ediləcək.

Təqaüd almaq üçün şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə ərizə ilə müraciət etməlidir.

Müraciət edən şəxsin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçu ilə qohumluğunu təsdiq edən sənədi (valideynlərinə münasibətdə - hərbi qulluqçunun doğum haqqında şəhadətnaməsi, dul arvadına münasibətdə - nikah haqqında şəhadətnamə), həlak olması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbəsinin arayışı, ölüm haqqında şəhadətnaməsi, şəxsin itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat təqdim edilməlidir. Müraciətə daxil olduğu gündən 10 iş günü müddətində baxılacaq və təyinat aparılacaq.

Tətbiq edilən qaydaya əsasən, təqaüd ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Təqaüd Azərbaycanın hüdudlarından kənarda yaşayan ailə üzvlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏMSN) yanında Dövlət Sosial Təminat Xidməti, Azərbaycanda yaşayan ailə üzvlərinə isə yaşayış yeri üzrə ƏƏMSN yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzləri tərəfindən təyin edilir və ödənilir. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Azərbaycandan kənarda yaşayan ailə üzvlərinə təqaüd onların arzularına əsasən Azərbaycan banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürüləcək.

Qeyd edək ki, müraciət müddətindən asılı olmayaraq, təqaüd 2015-ci il yanvarın 1-dən etibarən təyin ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi