Bakı. 29 oktyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyinin rəhbərliyi müasir informasiya kommunikasiya texnologiyaları və elektron xidmətlər geniş tətbiq olunmaqla, vətəndaşların bölgələrdə qəbulunu davam etdirir. Nazirliyin mətbuat xidmətindən "Report"a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 29-da ədliyyə naziri Fikrət Məmmədov Horadiz şəhərində Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirliyin elektron xidmətlər portalında qəbula qabaqcadan birbaşa yazılmaq imkanı yaradılıb.
Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlərin araşdırılmaq üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Vətəndaşlar Horadiz şəhərində bölgənin sakinlərinin, xüsusilə burada məskunlaşmış qaçqın və məcburi köçkünlərin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə görüşərək dövlətimizin başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ilə bağlı tələblərini diqqətə çatdırıb, tövsiyə və tapşırıqlarını verib.