Yuxarı

Spirtli içki satışı: yeni qadağalar satmağı və içməyi tam məhdudlaşdırıb - ARAŞDIRMA

İstehsalçı firmalar satış nöqtələrinə mal verməyi dayandırıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvarın 1-dən etibarən spirtli içkilərin nağd qaydada satışı qadağan edilib.

"Report"un əməkdaşları Bakıda fəaliyyət göstərən böyük marketlərə baş çəkib, spirtli içkilərin satışı ilə bağlı son durumu öyrənib və qadağaların bu sahəyə necə təsir etdiyini araşdırıblar. 

Araşdırmalar zamanı məlum olub ki, böyük marketlərin əksəriyyətində və kiçik mağazalarda spirtli içkilərin satışı müvəqqəti dayandırılıb, bəzi yerlərdə isə əvvəlcədən alınan və anbarlara yığılan məhsullar satılır. Paytaxtda yalnız müqaviləsi olan bir neçə firmanın spirtli içkiləri satılan böyük marketlər və mağazalara rast gəlmək mümkündür.    

Satış obyektlərinin işçiləri bildiriblər ki, spirtli içkilərin satışını təşkil etmək üçün banklara müraciət ediblər. Onların sözlərinə görə, banklar onlara müvafiq aparatı təqdim etdikdən sonra satışa başlayacaqlar.

Supermarketlərdən birinin müdir müavini Fəqan Rəhimov deyib ki, spirtli içkilərlə bağlı ödənişlər ancaq bank kartı ilə aparılır: "Firmaların nümayəndələri satış üçün bizə verdikləri məhsulları dekabrın 26-da geri apardılar. Müqaviləyə əsasən, firmalar məhsulu tam formada geri apara bilməzlər. Bu səbəbdən də satışda müəyyən qədər mal qalıb. Hazırda vitrinlərdə olan məhsullar marketin bazasında olanlardır. Spirtli içkilərin satışı məsələsinin tənzimlənməsi ilə bağlı firmalar bizə dəqiq bir söz demirlər".

Başqa bir marketin satış meneceri bildirib ki, bir neçə firma ilə müqavilə bağlayıblar və onların məhsulları hazırda satışdadır: "Xaricdə istehsal edilən və Azərbaycana gətirilən spirtli içkilərin satışı ilə bağlı durum bir qədər fərqlidir. Həmin firmalardan hansının Azərbaycanda rəsmi distributoru varsa, məhsulları şirkət təsdiqləyir və məhsulları satılır. Ödənişlər maaş, pensiya, ödəniş və adi bank kartları ilə aparılır. Nəğd formada spirtli içki qətiyyən satılmır. Hansı firmalarla müqavilələr bağlanıbsa, onların məhsulları satışa buraxılır. Bundan sonra da hansı firmalarla müqavilələr bağlasaq, ancaq onların mallarını satacağıq".

Spirtli içkilərin istehsalı və topdan satışı ilə məşğul olan firmalardan birinin nümayəndəsi "Report"a bildirib ki, hazırda satışı, obyektlərə mal verilməsini tamamilə dayandırıblar: "Bir həftədən çoxdur ki, heç bir müştəriyə məhsul vermirik. Satışın nə vaxt bərpa olunacağı haqda da hələ ki, məlumat yoxdur".

Qeyd edək ki, qanunda nəzərdə tutulan dəyişikliklərə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda (50 manatadək) satılmasına, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə yüz manat miqdarında cərimə edilir.

Tütün mallarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan malları nağd qaydada xeyli miqdarda satma, belə malları satış məqsədləri üçün nağd qaydada xeyli alma 1000 manatdan 2000 manatadək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər külli miqdarda törədildikdə iki ilədək islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu zaman “xeyli miqdar” deyildikdə 50 manatdan 1000 manatadək olan məbləğ, “külli miqdar”da dedikdə isə 1000 manatdan yuxarı olan məbləğ başa düşülür.

Bununla belə, dəyişikliklər siqaretlərin kiçik sayda pərakəndə satışına imkan verir, yəni yalnız şəxsi istifadə üçün. Əgər siqaretlər növbəti satış məqsədilə əldə edilirsə, onların qiyməti yalnız bank və ya ödəniş kartları vasitəsilə ödənilməlidir. Əks halda 100 manat həcmində cərimə tətbiq ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi