Yuxarı
    Bağlamaq

    Şəkidə 100-ə yaxın iş adamı ilə görüş keçirilib

    Görüş İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təşkil olunub

    Bakı. 11 fevral. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqataladan olan 100-ə yaxın iş adamı ilə görüşü Şəkidə baş tutub.

    Mərkəzdən “Report”a verilən məlumata görə, Şəki Şəhər İcra Hakimiyyətinin 1-ci müavini Həsən Həsənov bildirib ki, qeyri-neft sektorunun və sahibkarlığın inkişafı ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir.

    O deyib ki, aparılan iqtisadi islahatlar nəticəsində son illər ərzində bu sahədə mühüm nailiyyətlər əldə edilib.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, fevralın ilk 10 günü ərzində Azexportun ixrac sifarişlərinin həcmi 2 milyon ABŞ dollarına yaxınlaşır. Əsasən Çin, Rusiya, Gürcüstan, Misir, Benin, Belarus, Pakistan, Toqo və başqa ölkələrdən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, alma, viski və s. məhsullara sifarişlər gəlir. İcraçı direktor bildirib ki, Azexport təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır. V.Qasımlı, həmçinin ölkədə aparılan iqtisadi islahatlar barədə sahibkarlara məlumat verərək, xüsusilə ixrac potensialının artırılması istiqamətində yaradılmış şəraitdən geniş istifadənin vacibliyini vurğulayıb.

    Daha sonra tədbirdə Azexport.az portalının rəhbəri Zaur Qardaşov çıxış edib. O sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yollarını izah edib, portal barədə ətraflı məlumat verib. Görüşdə iştirak edən 100-ə yaxın sahibkar ölkəmizdə aparılan iqtisadi islahatlar, habelə Azexport.az-la əməkdaşlıq imkanları barədə suallar veriblər.

    Qeyd edək ki, Azexport.az portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılıb. Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. Artıq portal vasitəsi ilə müxtəlif ölkələrdən ilin əvvəlindən 7 milyon dollara yaxın məhsul sifarişi daxil olub. Azexport.az komandasının bölgələrdə sahibkarlarla görüşləri davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi