​Qusar rayonunda işgüzar forum keçirilib

​Qusar rayonunda işgüzar forum keçirilib Qusar və ətraf rayonlardan olan 53 sahibkara 1,2 mln. manat güzəştli kredit verilib
Biznes
9 İyul , 2015 15:32
​Qusar rayonunda işgüzar forum keçirilib

Bakı. 9 iyul. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum bu gün Qusar rayonunun Çiləgir kəndində keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Qusar və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Qusar rayonunda ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, cins heyvandarlıq, kartofçuluq, yüksək məhsuldar kartof toxumçuluğu və arıçılıq təsərrüfatlarının, günəbaxan tumlarının emalı və xalçaçılıq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində ölkə üzrə 3 082 sahibkara 103,6 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6 800-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 000 investisiya layihəsinin maliyyələşdirilməsinə 136,1 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması kimi sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10 400-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

Tədbir çərçivəsində Qusar və ətraf rayonlardan olan 53 sahibkara 1,2 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, çörək istehsalı, heyvandarlıq, bağçılıq, tərəvəzçilik, arıçılıq sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Qusarda güzəştli kreditlərdən istifadə etməklə inşa olunan gündəlik istehsal gücü 16 ton olacaq çörək istehsalı zavodunda aparılan tikinti işlərinə baxış keçirilib. Bu müəssisəyə 994 min manat güzəştli kredit verilib.

Ümumilikdə, son illər 28 çörək zavodunun tikintisinə və müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 50,5 mln. manat güzəştli kredit verilib. Bu müəssisələrdən 12-si Bakı şəhərində, 15-i isə regionlardadır. Türkiyə, Almaniya, Çexiya, Niderland və digər ölkələrin müasir texnologiya və avadanlıqları əsasında qurulan 26 çörək zavodu artıq istifadəyə verilib. Bu zavodlar gündə 794,6 ton çörək istehsal etmək gücünə malikdir.

Son xəbərlər

Orphus sistemi