Yuxarı
    Bağlamaq

    Nazir: "Növbəti Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu Azərbaycanda keçiriləcək"

    Biz çalışacağıq ki, bu dəfə forum Azərbaycanın bölgələrindən birində keçirilsin

    İstanbul 17 fevral. REPORT.AZ/ “Növbəti Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu Azərbaycanda təşkil olunacaq”.

    Bunu İstanbulda keçirilən V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu çərçivəsində “Report”un Türkiyə bürosuna Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

    Nazir qeyd edib ki, bu artıq sayca keçirilən 5-ci biznes-forumdur: “Bu gün artıq iş adamları Azərbaycanda keçiriləcək foruma dəvət olundular. Forumun vaxtı və yeri dəqiqləşdiriləcək. Biz çalışacağıq ki, bu dəfə forum Azərbaycanın bölgələrindən birində keçirilsin. Bundan əvvəl bu forum iki dəfə Gürcüstanda, bir dəfə Azərbaycanda keçirilib. Bu gün isə biznes-forum ikinci dəfədir Türkiyədə keçirilir. Azərbaycan üçün Türkiyə və Gürcüstan stareteji tərəfdaşlardır. Bizim ölkəmiz bu əməkdaşlığa çox böyük önəm verir. Hər iki ölkə Azərbaycan üçün regionda həm strateji, həm də iqtisadi baxımdan çox önəmli tərəfdaşlardır. Azərbaycanın xarici ölkələrdən ən çox investisiya yatırdığı ölkə Türkiyədir (9 mlrd. ABŞ dollarına yaxın). İkinci yerdə Gürcüstandır (3,4 mlrd. dollar)”.

    Nazir qeyd edib ki, Türkiyə Azərbaycanın birinci xarici ticarət tərəfdaşıdır: "Bu onu göstərir ki, hər iki ölkə iqtisadi baxımdan da bizim üçün çox önəmlidirlər. 

    Ş.Mustafayev bildirib ki, Forum iş adamları üçün geniş imkanlar yaradır: "Burada tərəfdaşlarla həm indiyədək görülən işlər, həm də gələcəkdə həyata keçiriləcək yeni layihələr haqqında ikitərəfli müzakirələr aparılacaq, geniş təqdimatlar olacaq. Ölkələrimiz strateji tərəfdaş olaraq regional əhəmiyyəti olan çox mühüm layihələr həyata keçirib və keçirməkdədirlər. Buna misal olaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərini qeyd etmək olar. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatdırılmalıdır. Eyni zamanda biz Cənub qaz dəhlizi layihəsini də birlikdə həyata keçiririk. Bizim ölkələrimiz həm nəqliyyat, həm də enerji sahəsində çox mühüm tərəfdaşlardır. Təbii ki, müvafiq şirkətlər bu layihələri də müzakirə edəcəklər. Ümid edirik ki, özəl sektor investisiya, ticarət, kənd təsərrüfatı, turizm, emal və yüngül sənayesi sahəsində mövcud olan imkanlardan daha da səmərəli istifadə edəcəklər”, - Ş.Mustafayev qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi