​Nardaranda gənc sahibkarlar üçün tədbir keçirilib

​Nardaranda gənc sahibkarlar üçün tədbir keçirilib Tədbirin əsas məqsədi gənclərin biznes sahəsində nəzəri bilikləri və praktik bacarıqlarının artırılmasıdır
Biznes
4 Mart , 2016 19:51
​Nardaranda gənc sahibkarlar üçün tədbir keçirilib

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün Nardaran qəsəbəsində İqtisadiyyat Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bu sahədəki təşəbbüslərinin dəstəklənməsi, biznes sahəsində nəzəri biliklərinin və praktik bacarıqlarının artırılması məqsədilə maarifləndirici tədbir keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Nazirliyin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov qeyd edib ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun artırılması məqsədilə onlara nümunəvi investisiya layihələri təqdim edilir: “Eyni zamanda güzəştli kreditlər verilir, gənclər ixtisasartırma üçün xarici ölkələrə göndərilir və gənc sahibkarlar üçün müxtəlif treninqlər keçirilir. Bugünədək Nazirliyin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4631 gənc sahibkara 307,9 mln. manat güzəştli kredit verilib ki, bu kreditlər 14 200-dən çox yeni iş yerinin açılmasına imkan verir. İqtisadiyyat Nazirliyi Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılan biznes inkubator da gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir”.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseynzadə çıxışında Azərbaycanın digər şəhər və rayonlarında olduğu kimi, Sabunçu rayonunda da yeni istehsal və xidmət sahələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını bildirib: “Dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq, Nardaran qəsəbəsində infrastrukturun yenidən qurulması, abadlıq-quruculuq işləri davam etdirilir”.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov Bakı şəhərində və regionlarda sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayanların maarifləndirilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələr, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi barədə məlumat verib.

Tədbirdə biznes mühiti, biznesin planlaşdırılması, bu sahədə insan resurslarının səmərəli idarə olunması, biznes ideyanın yaradılması, biznes-planın tərtib edilməsi, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb. Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi