Moskvada Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının sessiyası işə başlayıb

Moskvada Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının sessiyası işə başlayıb ÜGT-nin regional qurumlarının statusu ilə bağlı müzakirələr aparılacaq
Biznes
5 Dekabr , 2016 19:10
Moskvada Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının sessiyası işə başlayıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Moskva şəhərində Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Siyasi Komissiyasının 76-cı sessiyası işə başlayıb. 

Bu barədə “Report”a Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Tədbirə DGK-nin sədri Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə də qatılıb. Sessiyanın açılış mərasimində Rusiya Federasiyası baş nazirinin I müavini İqor Şuvalov iştirak edib.

Baş nazirin I müavini deyib ki, ÜGT-nin Siyasi Komissiyasının 76-cı sessiyası qarşıya qoyulan məqsədlərə çatacaq, eləcə də gömrük əməkdaşlığının möhkəmləndirilməsi işinə töhfə verəcək.

Tədbirin gündəliyi qəbul edildikdən sonra ÜGT Şurasının sədri Ruslan Davıdovun qeydləri və Təşkilatın baş katibi Kunio Mikuriyanın Strateji Planın həyata keçirilməsi üzrə hesabatı dinlənilib.

Sonra Aydın Əliyev çıxış edib. Rusiya ilə Azərbaycan arasında gömrük sahəsində münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan A.Əliyev Azərbaycan Gömrük Xidmətinin beynəlxalq və regional səviyyədə əməkdaşlıq əlaqələri, gömrük hüquqpozmaları və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri barədə də məlumat verib, eyni zamanda, 2010-cu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gələn Rusiya Prezidenti Dmitri Medvedevə Rusiyadan qanunsuz çıxarılmasına cəhd göstərilmiş və Azərbaycan gömrükçüləri tərəfindən saxlanılaraq müsadirə olunmuş XIX əsrə məxsus 5 ədəd ikonanın təqdim edilməsini xatırladıb.

Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 76-cı sessiyası dekabrın 7-dək davam edəcək.

Sessiyada İqtisadi Rəqabət Paketi və Gəlirlər Paketinin 3-cü mərhələsi üzrə Fəaliyyət Planları, Özəl Sektor üzrə Məşvərət Qrupunun görüşünün nəticələri, Potensialın Gücləndirilməsi, Uyğunluq və Nəzarət, həmçinin Rəqəmsal Gömrük üzrə hesabatlar iştirakçıların diqqətinə təqdim olunacaq.

Bununla yanaşı, sessiyada elektron kommersiya, ticarətin sadələşdirilməsi, təhlükəsizlik üzrə təşəbbüs, fəaliyyətin qiymətləndirilməsi, gömrük-vergi əməkdaşlığı və qanunsuz maliyyə axınlarına qarşı mübarizəyə dair məsələlər müzakirə ediləcək.

Sessiyada Harmonik Sistem üzrə Komitənin qərarlarına dair qeyd-şərtlər, 2016-2018-ci illər üçün Strateji Plan, 2017-2018-ci maliyyə ili üçün büdcə Proqramı, ÜGT-nin regional qurumlarının statusu ilə bağlı müzakirələr də aparılacaq.

Son xəbərlər

Orphus sistemi