İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib Şahin Mustafayev: "Bu il geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 150 mln. manatadək güzəştli kredit veriləcək"
Biznes
24 Yanvar , 2017 13:25
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən xəbərə görə, Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev bildirib ki, sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkının ərazisində infrastuktur işlərinin birinci mərhələsi tamamlanıb. 

Nazirin sözlərinə görə, hazırda Sənaye Parkında sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edən müasir tipli Peşə Tədris Mərkəzinin tikintisi davam etdirilir: "Mərkəzin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün 10 istiqamət üzrə peşə standartları, kurikulumlar və təlim materialları hazırlanaraq müvafiq dövlət qurumları ilə razılaşdırılıb. Sumqayıt Kimya Sənaye Parkında (SKSP) 2017-ci ildə 4 müəssisə - yüksək təzyiqə davamlı xortum və fitinqlər istehsal edən “MST Engineering Services”, tikinti məhsulları və qatqıları istehsal edən, İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” MMC, yüksək keyfiyyətli sintetik və yarısintetik sürtgü yağları istehsal edən “Alco Lubricant Company”, pestisid və aqro-kimyəvi məhsullar istehsal edən “Aqrokimya Azərbaycan” fəaliyyətə başlayacaq. 2018-ci ildə isə daha 3 müəssisə - polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən “SOCAR Polymer”, ferroərintilər istehsal edən “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti”, float texnologiyası əsasında şüşə lövhələr istehsal edəcək “AzerFloat” işə düşəcək. Bu müəssisələrdə 800-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur”.

Ş.Mustafayev bildirib ki, SKSP-yə hazırda daha 2 müəssisənin rezident qəbul olunması ilə bağlı müraciətinə baxılır: “Balaxanı Sənaye Parkında fəaliyyət göstərən 5 rezident tərəfindən işlənmiş mühərrik yağlarının emalı, plastik (PET) butulkaların təkrar emalından PET qırıntılarının, tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsullarının istehsalı, təkrar emal olunmuş plastik materiallardan iri həcmli müxtəlif məhsulların istehsalı, taxta-ağac məmulatların emalı sahələrində 5 müəssisə yaradılacaq. Bu müəssisələrə rezidentlər tərəfindən 22,4 mln. manat investisiya yatırılacaq. 2017-ci ilin birinci yarımiliyində fəaliyyətə başlayacaq müəssisələrdə 400-ə yaxın yeni iş yeri açılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 mln. dollar investisiya qoyuluşu və 5 500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur".

Kollegiyanın sədri vurğulayıb ki, Azərbaycanda alüminium sənayesinin inkişafı üçün Gəncədə bu sahə üzrə Sənaye Parkının yaradılması imkanları araşdırılır: "Neftçala Sənaye Zonasında ümumi investisiya qoyuluşu 49 mln. manatdan çox olan və 600-dən çox yeni iş yerlərinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır. Sənaye Zonasında 5 müəssisə - karton stəkan istehsal edən “Sun Rise Production”, polietilen boru istehsal edən “Toğrul-2008”, kənd təsərrüfatı təyinatlı qurğuların istehsalı müəssisəsi “Petrogeoaz”, modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan “Providence Doytch Ltd.” və balıq yemi istehsal edən “Kəhf” şirkətləri 2017-ci ilin yanvar-mart aylarında artıq məhsul istehsalına başlayacaq. Avtomobil istehsal edən “Azeurocar” isə 2017-ci ilin iyul ayında fəaliyyətə başlamağı planlaşdırır. Digər layihələrin icrası istiqamətində işlər görülür”.

“Xalçaçılığın inkişafı məqsədilə “Azərxalça” ASC tərəfindən 10 rayonda xalça sexlərinin tikintisinə başlanılıb. Artıq Füzuli rayonunun Horadiz qəsəbəsində 1 xalça emalatxanası fəaliyyətə başlayıb, daha 9 rayonda isə tikinti işləri 2017-ci il ərzində başa çatdırılacaq. Bundan başqa, ASC tərəfindən bu il əyirici-boyaq müəssisəsinin tikintisinə başlanılacaq. Bununla belə, hazırda ölkənin 21 rayonunda 124 min hektaradək ərazidə daha 26 aqroparkın yaradılması təşviq olunur. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 2017-ci ildə yalnız geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 150 mln. manatadək güzəştli kreditin verilməsi nəzərdə tutulur”, - deyə Ş.Mustafayev əlavə edib.

Kollegiya iclasında cari məsələlər də müzakirə edilib, İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2017-ci il üçün İş Planı təsdiq olunub.

Son xəbərlər

Orphus sistemi