Yuxarı

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

Gələn il Azərbaycanında 10 xalça istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, iclasda çıxış edən iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev bildirib ki, Nazirlər Kabinetinin bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı sosial-iqtisadi sahədə görülən işləri müsbət qiymətləndirib. 

İclasda sənaye sahəsində görülən işlər müzakirə olunub.

Ş.Mustafayev qeyd edib ki, Cənubi Qafqazda ən iri sənaye mərkəzi olacaq Sumqayıt Kimya Sənaye Parkında hazırda daxili avtomobil yollarının, Peşə Tədris Mərkəzinin, ərazidaxili elektrik xətlərinin və yarımstansiyanın tikinti-quraşdırma işləri aparılır: “Sənaye Parkının 9 rezidenti tərəfindən sənaye müəssisələrinin yaradılması prosesi, eləcə də yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Balaxanı Sənaye Parkında bu ilin sonunadək infrastruktur işlərinin tamamlanması və rezident müəssisələrin fəaliyyətə başlaması planlaşdırılır.Yüngül sənaye üzrə ixtisaslaşacaq Mingəçevir Sənaye Parkının təşkili istiqamətində işlər davam etdirilir. Yeni yaradılan Pirallahı Sənaye Parkında dərman zavodunun yaradılmasına hazırlıq işləri görülür və ilkin mərhələdə burada 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur. Eyni zamanda 6 rezidenti olan Neftçala Sənaye Zonasında bütün zəruri infrastruktur qurulub. Hazırda burada Azərbaycan-İran birgə avtomobil zavodu layihəsinin icrası üzrə müvafiq işlər görülür. Ümumilikdə, 3 rezidentin bu ilin sonunadək fəaliyyətə başlaması nəzərdə tutulur. Masallı rayonunda yaradılan növbəti sənaye zonasının təşkili işləri davam etdirilir. Bununla yanaşı, ölkənin digər regionlarında da sənaye zonalarının yaradılması məqsədilə araşdırmalar davam etdirilir. Bununla belə, Nazirlik Ağstafa və Gəncədə yerli potensiala əsaslanan bu cür sənaye zonalarının yaradılması imkanlarını araşdırır. Bu işlər 3 ay ərzində yekunlaşdırılacaq”.

Nazir idxal mallarının yerli istehsalının təşkili üçün tədbirlərin görülməsi, sahibkarlığın təşviq olunması ilə bağlı konkret tapşırıqlar verib: “Ölkəmizdə ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə gələn ilin birinci yarısında regionlarda 10 xalça istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Artıq layihəsinin hazırlanması başa çatdırılan “Azərbaycanda xalçaçılığın inkişafı üzrə Dövlət Proqramı” bu sahənin inkişafına əlavə stimul verəcək. Pambıqçılıqla yanaşı, dövlət başçısı tərəfindən üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər ənənəvi sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Bundan başqa, şəkər çuğunduru istehsalı genişləndirilməli və yeni badam bağları salınmalı, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı məqsədilə təhlillər aparılmalı, əkin sahələri genişləndirilməlidir. Bu məqsədlə 13 rayonda 86 min ha sahənin növbəti əkin mövsümünə hazırlanması üçün su təminatı dövlət vəsaiti hesabına yaxılaşdırılacaq. İstehsalın artması ilə bağlı yaranan tələbatı ödəmək məqsədilə pambıq emalı müəssisələri yaradılmalıdır. İxrac ediləcək pambığın və digər məhsulların daşınması üçün müvafiq nəqliyyat məsələlərinin həll olunması Dövlət İnvestisiya Proqramında nəzərə alınmalıdır”.

“Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi üçün artıq 523 ha sahədə yaradılan Yalama Aqroparkının birinci mərhələsi üzrə işlər başa çatdırılıb və Aqropark fəaliyyətə başlayıb. İkinci mərhələdə isə aqroparkda müasir texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodu tikiləcək. Zavodda istehsal olunacaq kərə yağı, quru süd və pendir daxili bazarla yanaşı, xarici ölkələrə ixrac ediləcək. Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər davam etdirilir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzi, müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı yaradılır. Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində, idxalın yerli məhsullarla əvəz olunmasında, ölkənin ixrac potensialının genişləndirilməsində əhəmiyyətli olacaq 20-dək aqroparkın yaradılması nəzərdə tutulur. Bu məqsədlə aqroparkların yaradılacağı yerlər və infrastruktur tələbatı müəyyənləşdirilib. Hazırda aqroparkların yaradılması üçün müvafiq işlər aparılır”, - deyə Ş.Mustafayev əlavə edib.

Nazirin dediklərinə əsasən, ixrac missiyalarının təşkil olunacağı xarici ölkələr, ölkə stendinin təqdim olunacağı beynəlxalq sərgi və yarmarkalar müəyyənləşdirilir: "Hazırda "Made in Azerbaijan” brendinin təbliğ olunacağı məhsullara və həmin məhsulların təqdim ediləcəyi mağazalar şəbəkəsinə dair araşdırmalar aparılır. Bu sahədə müvafiq qaydalar və meyarlar hazırlanır. İlkin olaraq, İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı “Duty Free” mağazalarında, Rusiyanın tanınan mağazalar şəbəkələrində “Made in Azerbaijan” rəflərinin yaradılması və Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kələğayi və s. kimi məhsulların təqdim olunması təklif edilir. Xarici ölkələrin ictimai yerlərində və KİV-lərində “Made in Azerbaijan” brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğ olunması planlaşdırılır. Bununla yanaşı, bu ildə Çin və Birləşmiş Ərəb Əmirliklərinə, gələn ilin əvvəlində isə Almaniyada keçiriləcək “Yaşıl həftə” sərgisinə təşkil olunacaq ixrac missiyalarına dair hazırlıq işləri aparılır. Həmçinin Avropa İttifaqı, Rusiya və ərəb ölkələrinə kənd təsərrüfatı və sənaye məhsullarının ixracı üçün bazar araşdırmalarına başlanılacaq.Eyni zamanda, ixrac məlumat bazasının (elektron portal) yaradılması üçün işlər davam etdirilir. Artıq elektron portal test rejimində fəaliyyət göstərir”.

Daxili bazarın qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Ş.Mustafayev vurğulayıb ki, istehlak bazarında süni qiymət artımına yol verilməməsi üçün dövlət və ictimai nəzarət gücləndiriləcək: “İstehlak bazarında təlabatın yerli məhsullar hesabına daha dolğun ödənilməsi və qiymət intizamına əməl olunmasına diqqət daha da artırılacaq. Bu məqsədlə mütəmadi olaraq təhlilər aparılacaq, qiymət dəyişiklikləri baş verən hallarda səbəblər araşdırılacaq, müvafiq tədbirlər görüləcək”.

Kollegiya iclasında qəzalı vəziyyətdə olan məktəblərlə bağlı araşdırmaların yekunlaşdırılması, məktəblərin və digər sosial obyektlərin tikintisi və təmiri məsələlərinin növbəti illərin Dövlət İnvestisiya Proqramlarında nəzərə alınması tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi