Yuxarı

​İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib

Nazirliyin kollegiyasının 2016-cı il üçün İş Planı təsdiq olunub

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib. “Report” bildirir ki, nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev dünya enerji bazarındakı qeyri-sabitlik və digər neqativ proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və ölkənin iqtisadi siyasətindəki prioritetlər barədə məlumat verib.

Ş.Mustafayev vurğulayıb ki, iqtisadiyyata 20 mlrd. dollar investisiya qoyulub, 2004-2015-ci illərdə 1,5 mln.-a yaxın yeni iş yeri yaradılıb: “Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması, demək olar ki, başa çatdırılıb. Bura dörd rezident tərəfindən 1 mlrd. dollardan çox investisiyanın yatırılması planlaşdırılır. Artıq Parkın rezidenti “Azertexnolayn” şirkəti dəyəri 45 mln. dolları olan 60 min ton boru məhsulunun ixracı barədə müqavilə imzalayıb. Balaxanı Sənaye Parkında xarici infrastrukturun qurulması əsasən başa çatdırılıb, 4 rezident tərəfindən 10 mln. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur”.

Nazir qeyd edib ki, hazırda dəyəri 400 mln. dollardan yuxarı olan sualtı tikinti və üç ədəd sərnişin gəmisinin tikintisi aparılır: “İndiyədək isə Azərbaycan İnvestisiya Şirkəti tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 mlrd. dollardan artıq olan layihələrdə iştirak edib. Bu layihələrə 450 mln. dollar birbaşa xarici investisiya cəlb olunub”.

Nazir “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də dəmir filizi hasilatından polad istehsalına qədər bütün istehsal prosesini əhatə edən layihələndirmə işlərinin davam etdirildiyini deyib: “Ümumilikdə, bu il əvvəlki ildəkindən 80% çox - 30 min ha sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır”.

İclasda qeyd edilib ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının yaradılması işləri davam etdirilir. Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir.

Kollegiya iclasında dövlət başçısı tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində qəbul edilmiş qərarların özəl bölmənin inkişafında mühüm əhəmiyyəti qeyd olunub: “Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən olunub, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə azaldılıb”.
Sahibkarların şikayətlərinə daha həssas yanaşılması, şəffaf və obyektiv baxılması, hüquqlarının və qanunla qorunan maraqlarının daha etibarlı müdafiəsi məqsədi ilə artıq İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb.

Bundan əlavə, prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən sahibkarların investisiya təşviqi sənədini aldıqları andan idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular 7 il müddətinə gömrük rüsumlarından azad olunur. Eyni zamanda, sahibkarlar investisiya təşviqi sənədinə əsasən 7 il müddətinə fiziki şəxslərin gəlirinin və hüquqi şəxslərin mənfəətinin 50%-nə görə vergidən, həmçinin əmlak və torpaq vergisindən, müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV-dən azaddır.

Bu sahədə ötən il görülən işlərə toxunan Ş.Mustafayev artıq Qazaxıstanın Aktau şəhərində Azərbaycanın ilk logistika mərkəzinin yaradıldığını deyib: “Qeyri-neft sektorunun inkişafında, ölkəmizin tranzit və ixrac imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edən logistik mərkəz sahibkarlara, xüsusilə də ixracatçılara bir sıra imkanlar və üstünlüklər təqdim edir".

İclasda ixrac prosedurasının daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınib.

Kollegiyanın sədri Ş.Mustafayev dövlət başçısının son müşavirələrdəki çıxışlarından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulan vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Həmçinin, toplantıda cari məsələlər müzakirə edilib, İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il üçün İş Planı təsdiq olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi