İqtisadiyyat nazirinin müavinləri QHT rəhbərləriylə görüşüblər

İqtisadiyyat nazirinin müavinləri QHT rəhbərləriylə görüşüblər Görüşdə 20-dək iqtisadi sahədə fəaliyyət göstərən ictimai birlik rəhbəri iştirak edib
Biznes
6 Aprel , 2016 18:20
İqtisadiyyat nazirinin müavinləri QHT rəhbərləriylə görüşüblər

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə QHT rəsmiləri arasında görüş keçirilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, görüşdə 20-dək iqtisadi sahədə fəaliyyət göstərən ictimai birlik rəhbəri iştirak edib.

Görüşdə çıxış edən iqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov və Sahib Məmmədov Nazirliyin fəaliyyət istiqamətləri, görülən işlər, icra olunan layihələr, sahibkarlığın dəstəklənməsi tədbirləri, iqtisadi fəallığın artırılması, yerli və xarici investisiyaların təşviqi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Nazirliyin vətəndaş cəmiyyəti institutları ilə fəal əməkdaşlıq etdiyini, ictimai nəzarətin təşkilində QHT-lərin rolunun artırılmasının vacibliyini vurğulayıblar.

Qarşılıqlı dialoq formatında keçirilən tədbirdə “İctimai iştirakçılıq haqqında” qanundan irəli gələn vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb, Nazirlik və onun strukturuna daxil olan qurumlarında vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirildiyi qeyd edilib.

Görüşdə bildirilib ki, “İqtisadi inkişaf” Ekspert Şurası Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə yaradılıb. Şuranın təkliflər hazırladığı istiqamətlər barədə tədbir iştirakçılarına məlumat verilib.

Müzakirələrdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi, vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafında, ictimai nəzarətin təşkilində QHT-lərin rolunun artırılmasının əhəmiyyəti vurğulanıb. Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri çıxış edərək bu cür görüşün ilk dəfə keçirildiyini, belə tədbirlərin ictimai təşkilatlarla dövlət orqanları arasında əlaqələrin inkişafında rolunu diqqətə çatdırıblar.

Tədbirdə ictimai birlik rəhbərlərinin sualları cavablandırılıb, səsləndirilən bir sıra təkliflərin daha ətraflı araşdırılması üçün görüşlərin davamlı olaraq keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi