​İqtisadiyyat naziri narazı sahibkarlarla görüşüb

​İqtisadiyyat naziri narazı sahibkarlarla görüşüb Sahibkarlar hazırda tətbiq edilən vergi dərəcələri və digər ödəmələrin qiymətlərin stabil saxlanmasına imkan vermədiyini deyiblər
Biznes
19 Aprel , 2016 14:08
​İqtisadiyyat naziri narazı sahibkarlarla görüşüb

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanda gündəlik tələbat malları ilə ticarət əməliyyatlarının vergidən azad edilməsi, yaxud hansısa vergi güzəştinin tətbiq edilməsi ilə bağlı Vergilər Nazirliyinə sahibkarlardan heç bir müraciət daxil olmayıb. Bunu “Report”a Azərbaycandakı bir sıra iri market şəbəkələrinin bəzi məhsulların vergidən azad edilməsi ilə bağlı təşəbbüsü şərh edərkən Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən bildirilib.

Qurumun açıqlamasında deyilir ki, vergi güzəştlərinin tətbiqi ilə bağlı məsələ qanunvericilik orqanının ixtiyarındadır və yalnız parlament səviyyəsində hansısa qərar qəbul edilərsə, nazirlik icraedici orqan kimi qərarı icra etməyə hazırdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən isə sahibkarların müraciətinə nazirliyin operativ reaksiya verdiyini və müraciətdə bildirilən məsələlərlə bağlı artıq araşdırmalara başlanıldığını bildiriblər: “Dünən bir neçə iri sahibkar iqtisadiyyat nazirinə müraciət edib. Məsələyə operativ reaksiya verdik. Bu gün səhər nazir Şahin Mustafayev həmin sahibkarların nümayəndələri ilə görüşüb. Hazırda müraciət olunan məsələlərlə bağlı araşdırmalar aparılır”.

Xatırladaq ki, ötən gün "Rahat", "Bizim", “Fresko”, "Səbət", "Makromart", "Araz", "Neptun", "Bolmart", "Favorit" kimi iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər. Sahibkarlar hazırda tətbiq edilən vergi dərəcələri və digər ödəmələrin qiymətlərin stabil saxlanmasına imkan vermədiyini, devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildiriblər.

Son xəbərlər

Orphus sistemi