Yuxarı

​Gəncədə istehlakçı hüquqlarına dair konfrans keçirilib

Konfransda 250-ə yaxın istehlakçı iştirak edib

Bakı. 24 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət orqanlarının regional bölmələrinin, ictimai təşkilatların nümayəndələrinin və 250-ə yaxın istehlakçının iştirakı ilə Gəncədə “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasında maarifləndirmənin, təbliğat-təşviqat işlərinin əhəmiyyətindən danışıb: “İstehlakçıların maarifləndirilməsi məqsədilə konfrans və seminarlar, dəyirmi masalar təşkil edilir. İstehlakçı hüquqları barədə maarifləndirici məlumatlar yayılır, ticarət və ictimai-iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir. İstehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanılır. Dövlət Xidməti tərəfindən bu ilin ilk 5 ayı ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 24 adda 30 mindən çox buklet və yaddaş kitabçasının istehlakçılara paylanılmasını təmin edilib. Ticarət qaydalarına əməl olunması ilə bağlı maarifləndirici məlumatlar 560 mindən artıq elektron ünvana göndərilib. Bundan başqa, ticarət, ictimai iaşə və digər sahələrdə istehlakçıların bilməli olduqları əsas məsələlərin əks olunduğu 23adda maarifləndirici məlumat kütləvi informasiya vasitələrində yayımlanıb”.

Konfransda Xidmətin əməkdaşları istehlakçı hüquqlarına dair məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi