Yuxarı
    Bağlamaq

    Gələn ay Ukraynanın baş nazirinin birinci müavini Azərbaycana səfər edəcək

    İqtisadiyyat naziri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

    Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə görüşüb.

    İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib.

    Ş.Mustafayev bildirib ki, bu ilin sonuna qədər Ukraynada Azərbaycanın Ticarət Evinin açılması planlaşdırılır ki, bu, qeyri-neft məhsullarının Ukraynaya ixracının artmasında əhəmiyyətli olacaq. Onun sözlərinə görə, Azərbaycan regionun tranzit qovşağıdır və bu sahədə iri layihələr həyata keçirilir və Ukrayna Azərbaycanın tranzit imkanlarından yararlana bilər. Son zamanlar Azərbaycanın əczaçılıq sənayesinin yaradılması sahəsində gördüyü işlər, ixtisaslaşmış Pirallahı Sənaye Parkının yaradılması, kimya sahəsində ölkəmizin zəngin təcrübəsi Ukrayna ilə bu sahədə də əməkdaşlığa geniş imkan yaradır. Bir sıra Ukrayna şirkətlərinin ölkəmizdə əczaçılıq sahəsinə maraq göstərdiyini və bu istiqamətdə görüşlərin keçirildiyini diqqətə çatdıran nazir Ukrayna şirkətlərinin Azərbaycanın sənaye parklarında investorlar üçün yaradılmış imkanlardan istifadə edə biləcəyini vurğulayıb.

    A.Mişenko isə ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Səfir qeyd edib ki, Azərbaycanda Ukrayna məhsullarının satıldığı mağaza fəaliyyət göstərir və növbəti mağazanın açılması planlaşdırılır. Həmçinin, Azərbaycanda Ukrayna Ticarət Evinin açılması da nəzərdə tutulur ki, bunlar da ölkələr arasında ticarət əməkdaşlığının inkişafına xidmət edir. Bu ilin oktyabrında Ukraynanın baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin Azərbaycana səfər edəcəyini bildirən Aleksandr Mişenko səfər zamanı bir sıra görüşlərin keçirilməsinin, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələrin aparılmasının nəzərdə tutulduğunu vurğulayıb.

    Görüşdə Azərbaycan məhsullarının Ukraynaya ixracının genişləndirilməsi, investisiya qoyuluşu və digər məsələlər də müzakirə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi