ƏMDK: “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi istiqamətində əhatəli tədbirlər görülür

ƏMDK: “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi istiqamətində əhatəli tədbirlər görülür Bakı. 8 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanına uyğun olaraq, ağır sənaye və maşınqayırmanın inkişaf etdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Biznes
8 Fevral , 2018 10:37
ƏMDK: “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi istiqamətində əhatəli tədbirlər görülür
Report

Bakı. 8 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanına uyğun olaraq, ağır sənaye və maşınqayırmanın inkişaf etdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

“Report” xəbər verir ki, bu barədə Dövlət Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, metallurgiya və digər iqtisadi sahələrə aid müəssisələrin özəlləşdirilməsi istehsal həcminin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Özəlləşən müəssisələr infrastruktur baxımından yenilənir, müasir avadanlıqlarla, yeni texnologiya ilə təchizatlanır. Belə müəssisələrin fəaliyyəti yeni iş yeri yaratmaqla məşğulluq səviyyəsinin artmasına, ixrac potensiallı məhsulların istehsalının çoxalmasına imkan verir. Nəzərə alsaq ki, özəlləşdirilən əksər müəssisələr regionlarda yerləşir, həmçinin bu, bölgələrin sosial-iqtisadi inkişafına da səbəb olur.

Bir sıra qabaqcıl iqtisadi sahələrlə yanaşı dağ-mədən sənayesinə də özəl investisiyalar cəlb etməklə qara metallurgiya kompleksindən tam həcmdə istifadə olunması vacib əhəmiyyət daşıyır. Belə müəssisələrdən biri də 270 mln. tondan artıq dəmir filizi ehtiyatlarına malik olan “Daşkəsən Filizsaflaşdırma” ASC-dir. “Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” ölkə prezidentinin sərəncamının icrası ilə əlaqədar ƏMDK adı çəkilən müəssisənin dövlətə məxsus səhmlərini investisiya müsabiqəsinə çıxarıb. Bu ASC qeyri-neft sektorunda ölkənin ən strateji metallurgiya müəssisəsi olmaqla investorlar üçün olduqca cəlbedicidir.

Mübiqənin dövlətin strateji maraqlarına uyğun və daha səmərəli keçirilməsi məqsədi ilə “KPMG” şirkəti açıq tender əsasında məsləhətçi qismində cəlb edilib. Özəlləşən səhm zərfinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi aparılıb, gələcək iqtisadi faydaların əldə edilməsi ilə müəyyən edilən investisiya dəyəri çıxarılıb. Mövcud qanunvericiliyə uyğun olaraq təşkilatlararası müsabiqə komissiyası yaradılıb. Müsabiqə komissiyasına daxil olan İqtisadiyyat, Maliyyə, Ədliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, ƏMDK, Daşkəsən Rayon İcra Hakimiyyətinin məsləhətçi şirkətin tövsiyələrini nəzərə alıb. Potensial iddiaçılar qarşısında qoyulacaq şərtləri əhatə edən elan azərbaycan və ingilis dillərində kütləvi informasiya vasitələrində (o cümlədən, elektron) dərc edilib. Eyni zamanda müəssisənin özəlləşdirilməsi prosesinə strateji investorların cəlb olunması məqsədi ilə polad istehsalı üzrə ixtisaslaşan 50-dən artıq xarici şirkətə ünvanlı dəvət məktubları göndərilib.

Məssisənin özəlləşdirilməsinə yerli şirkətlərlə yanaşı, ABŞ, Avropa, BƏƏ, Hindistandan olan potensial investorlar və konsorsiumlar maraq göstərir. Həmin şirkətlərdən bəziləri ilə memorandumlar imzalanıb. Beynəlxalq səviyyəli ekspert, mühəndis və geoloqlardan ibarət nümayəndə heyətləri müəssisəyə səfər edərək çox sayda texniki və geoloji hesabatları yerində incələnib. Hazırda müəssisənin özəlləşdirilməsi istiqamətində həmin investorlar tərəfindən təhlillər davam etdirilir.

Müsabiqə şərtlərinə əsasən müəssisəni özəlləşdirən investor dövlət büdcəsinə 100 mln. manatdan az olmayaraq ödəniş etməlidir. Həmçinin xammaldan hazır məhsula qədər istehsal klasterinin qurulması məqsədi ilə 5 il ərzində yeni zavodların tikintisinə 600 mln. ABŞ dollarından az olmayaraq investisiya yatırmalıdır. Bundan başqa 1 000 nəfərdən az olmayaraq yeni iş yeri təsis etməli, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarına olan borcları ödəməlidir.

Müsabiqə üzrə ərizə və təkliflərin qəbulu müddəti 31 may 2018-ci il tarixinə qədər müəyyən edilmişdir. İstənilən yerli və xarici investorun iştirakı sərbəstdir və ƏMDK maraq göstərən bütün şirkətləri müsabiqədə iştirak etməyə dəvət edir.

Son xəbərlər

Orphus sistemi