Yuxarı

EBRD Bakıda biznesin diaqnostikası mövzusunda seminar keçirir

Tədbirdə 15 yerli konsaltinq şirkətinin nümayəndələri iştirak edirlər

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən təşkil olunan və Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən biznesin diaqnostikası seminarı işə başlayıb. Üç gün davam edəcək tədbirdə Azərbaycanın 15 konsaltinq şirkətinin nümayəndələri iştirak edirlər. Beynəlxalq trener tərəfindən aparılan təlimin məqsədi azərbaycanlı konsultantların yerli kiçik və orta ölçülü müəssisələrə göstərdiyi konsaltinq xidmətlərinin keyfiyyətini artırmaqdan ibarətdir. 

"Report" xəbər verir ki, EBRD bilik və bacarıqlarını təkmilləşdirmək, kiçik və orta ölçülü müəssisələr üçün keyfiyyətli layihələr həyata keçirmələrini təmin etmək və əhatə etdikləri ixtisas sahələrini genişləndirmək üçün yerli konsultantlarla  əməkdaşlıq edir. 

"Biznesin diaqnostikası konsultantların düzgün layihələri müəyyən etməsi, müştərinin qarşılaşdığı çətinliklərin köklərini aşkar etməsi və məsləhət görməsi üçün vacib vasitədir. O, kiçik və orta ölçülü müəssisələrə daha yaxşı xidmət göstərmək üçün həyati əhəmiyyət kəsb edir”, – deyə EBRD-nin Azərbaycanda Kiçik Biznesə Dəstək Proqramının meneceri Lalə Rzayeva bildirir. 

Tədbirdə qeyd olunub ki, seminar konsultantların biznesin diaqnostikası konsepsiyasını anlamaları və fəaliyyətində tətbiqi baxımından faydalı olacaq. Bu, səmərəli və effektiv konsaltinq xidmətlərinin göstərilməsi, eləcə də uğurlu konsaltinq biznesinin həyata keçirilməsi üçün əsas bacarıq, resurs və texnikaların paylaşıldığı ixtisaslaşdırılmış təlim kurslarının bir hissəsidir. 

Xatırladaq ki, EBRD 1993-cü ildə Azərbaycanda fəaliyyətə başladığı vaxtdan indiyədək 700-dən artıq müəssisəyə inkişaf etmək və böyümək üçün nou-hau konsaltinq xidmətlərindən istifadə etməkdə kömək edib. Aİ isə 2003-cü ildən indiyədək bu işin dəstəklənməsi üçün 3,7 mln. avro vəsait ayırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi