Dövlət Gömrük Komitəsinin sədri ÜGT-nin direktor müavinini qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri ÜGT-nin direktor müavinini qəbul edib Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib
Biznes
20 Sentyabr , 2016 15:23
Dövlət Gömrük Komitəsinin sədri ÜGT-nin direktor müavinini qəbul edib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi İdarəsinin direktor müavini xanım Brenda Mundianı və ÜGT-nin Ticarətin sadələşdirilməsinin tətbiqi proqramının koordinatoru xanım Johanna Torstromu qəbul edib. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

A.Əliyev artıq ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini, eləcə də qurumun Regional Tədris və Kinoloji mərkəzlərinin, Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycanda fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Komitə sədri gələcəkdə də bu cür tədbirlərin respublikamızda keçiriləcəyinə ümidvar olduğunu bildirib, qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərindən danışıb. 

DGK sədri Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə bir sıra beynəlxalq tədbirlərin məhz Azərbaycanda keçirildiyini, təşkilatın Bakıda ofisinin də fəaliyyət göstərdiyini bildirib, ümumiyyətlə gələcəkdə bu kimi tədbirlərin gerçəkləşməsində ÜGT-nin də dəstəyini vacib bir amil kimi xarakterizə edib.

Son dövrlər Azərbaycan gömrük xidmətinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirdiyi əməliyyatlardan da söhbət açan A.Əliyev mübarizənin effektivliyinin daha da artırılmasında qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib, ÜGT-nin təşkilatçılığı ilə region dövlətləri üçün seminarların keçirilməsinin zəruruliyini vurğulayıb.

Qəbul üçün təşəkkür edən qonaq ÜGT ilə Azərbaycan gömrük sistemi arasında əlaqələrin müsbət məcrada inkişafından razılıqlarını ifadə edib, ÜGT-nin Azərbaycanda mövcud olan mərkəzlərinin və ofisinin fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı gələcək perspektivlərdən söhbət açıb.

Son xəbərlər

Orphus sistemi