Bakıda BMT və Azərbaycan Tərəfdaşlıq Çərçivəsi Sənədinin İdarəetmə Komitəsinin ilk iclası keçirilib

Bakıda BMT və Azərbaycan Tərəfdaşlıq Çərçivəsi Sənədinin İdarəetmə Komitəsinin ilk iclası keçirilib İclasda iqtisadiyyat naziri Şahin Mustafayev və BMT-nin rezident əlaqələndiricisi Qulam İshakqzai çıxış edib
Biznes
19 Yanvar , 2017 12:06
Bakıda BMT və Azərbaycan Tərəfdaşlıq Çərçivəsi Sənədinin İdarəetmə Komitəsinin ilk iclası keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə BMT və Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UNAPF) sənədi ilə əlaqədar yüksək-səviyyəli İdarəetmə Komitəsinin ilk iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, UNAPF-ın həyata keçirilməsində "Vahid BMT Fəaliyyəti" yanaşmasını təmin etmək məqsədilə, BMT tərəfindən göstərilən müştərək səyləri əlaqələndirmək və onlara kömək etmək üçün Nəticə Qrupu təsis olunub: "Məlum olduğu kimi, ötən ilin iyul ayında Azərbaycan Hökuməti tərəfindən 2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi sənədi imzalanıb. Nəticə Qrupu UNAPF-dakı birinci strateji prioritet sahə "Şaxələndirilmənin artırılmasını və layiqli iş imkanlarını özündə ehtiva edən dayanıqlı, inklüziv iqtisadi inkişafın təşviqi" üzrə həyata keçiriləcək tədbirlərin əhatə dairəsinə diqqət yetirəcək. Eyni zamanda Nəticə Qrupu öz fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədlərinə, yeni qəbul edilən İqtisadi İslahatlar üzrə Steateji Yol Xəritəsinə və 2016-2030-cu illər üçün Milli Məşğulluq Strategiyası kimi milli inkişaf planlarına uyğunlaşdırmağa çalışacaq".

BMT-nin rezident əlaqələndiricisi Qulam İshakqzai isə çıxışında qeyd edib ki, İdarəetmə Komitəsi 2016-2020-ci illər üçün UNAPF-ın yerinə yetirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirəcək: "UNAPF-ın gözlənilən nəticələrə nail olmaq məqsədilə sözügedən sənədin yerinə yetirilməsi işinə yüksək səviyyəli nəzarət olacaq. Komitə təmsilçiliyi və məzmuna diqqət yetirməni təmin etmək üçün UNAPF Nəticə Qruplarının salahiyyətlərini təsdiq edəcək. Eyni zamanda UNAPF-ı yerinə yetirmək üçün təklif olunan maliyyə vəsaitlərini müzakirə edib razılıq verəcək. UNAPF məqsədlərinə nail olma istiqamətində irəliləyişə nəzarət etmək üçün ən azı ildə bir dəfə toplantı keçiriləcək. Bundan başqa, müəyyən olunan bütün əməkdaşlıq sahələrində UNAPF məqsədlərinə nail olmaq üçün tələb edilən strategiyalara, icra üsullarına və əlaqələndirmə mexanizmlərinə diqqət yetirilərək sənədin İllik İcmal hesabatı təsdiq ediləcək".

O, həmçinin bildirib ki, UNAPF sənədi BMT və Azərbaycan hökumətinin gündəmində olan prioritet məsələlərə dəstək vermək məqsədilə hazırlanmış plandır: "Bu, bilavəsitə, 2020-ci ilədək gələcəyə baxışla bağlı inkişaf konsepsiyasıdır, Azərbaycanın ötən il qəbul etdiyi Srateji Yol Xəritəsinə uyğunlaşdırılıb. Bu sənədin 5 illik indikativ büdcəsi var. Büdcənin 31,9 mln. dollarlıq hissəsi BMT-nin hesabına fomalaşacaq. Yerdə qalan 40 mln. dollarlıq hissəni dövlət qurumları və digər mənbələr təmin edəcək".

Sonra UNAPF Nəticə Qrupları həmsədrlərinin təqdimatları müzakirəyə çıxarılıb.

Son xəbərlər

Orphus sistemi