Bakıda Azərbaycan-İran biznes forumu keçirilib

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib İran nümayəndə heyətinin Azərbaycana səfəri dekabrın 29-dək davam edəcək
Biznes
27 Dekabr , 2016 13:55
Bakıda Azərbaycan-İran biznes forumu keçirilib

Bakı. 27 dekabr. REPORT.AZ/ İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində bu gün Bakıda Azərbaycan-İran biznes forumu keçirilib.

"Report"un məlumatına görə, biznes forumda çıxış edən Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, İranla Azərbaycan arasında yaradılan işçi qrupları bu il işlərini layiqincə yerinə yetirib. Nazir qeyd edib ki, nümayəndə heyətinin səfəri dekabrın 29-dək davam edəcək: "Səfər çərçivəsində keçirilən tədbirlərin və görüşlərin yekunu olaraq iki ölkə arasında Naxçıvanda protokol imzalanacaq. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək. Naxçıvanda keçiriləcək forumda oradan İrana tranzit yollarla məhsulların idxalı məsələləri müzakirə olunacaq. Mən iranlı iş adamlarını onlar üçün ölkəmizdə yaradılan geniş siyasi və iqtisadi imkanlardan yararlanmağa dəvət edirəm. Biz birgə neft-qaz avadanlıqları, müxtəlif sənaye məhsullarının istehsalı sahəsində əlaqələrimizi genişləndirə bilərik. Xəzər hövzəsində Azərbaycanın gəmiqayırma zavodu fəaliyyət göstərir. Bu da iranlı sahibkarlar üçün çox maraqlı ola bilər".

Ş.Mustafayevin sözlərinə görə, iranlı sahibkarların rahat şəkildə ölkəyə səfər etməsi üçün birtərəfli viza rejimin daha da sadələşdirilməsi üçün mühüm addımlar atılıb: "İran sahibkarlarının ölkəyə səfərini və investisiya yatırması üçün viza rejiminin daha da sadələşdirilməsi istiqamətində müzakirəlır aparılır. Ötən illərə nisbətən sahibkarlar üçün viza rejimi xeyli sadələşib. Ölkələrimiz arasında viza rejiminin sadələşdirilməsi nəticəsində gələn il, yanvarın 10-dan başlayaraq İran vətəndaşları elektron vizalar ala biləcəklər. Hər iki ölkədə iş adamları üçün əlverişli şərait yaradılıb. İranla Azərbaycanın ticarət sahəsində yaradılan işçi qrupu iki ölkə arasında məhsulların ixrac edilməsi ilə bağlı bazarı araşdırır. Azərbaycan təkcə İran deyil, digər ölkələrlə də ticari, siyasi və iqtisadi əlaqələrini genişləndirir. İranla olduğu kimi, Azərbaycan Belarusla da eyni cür əlaqələri və əməkdaşlığı inkişaf etdirir". 

Qeyd edək ki, səfər çərçivəsində İran nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına gedəcək, rəsmi görüşlərdə və bir sıra tədbirlərdə iştirak edəcək.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi