Yuxarı
    Bağlamaq

    ​Bakıda Azərbaycan-Sloveniya işgüzar görüşü keçirilib

    Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb

    Bakı. 4 mart. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Sloveniya işgüzar görüşü keçirilib.

    "Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervarın rəhbərlik etdiyi və Sloveniyanın müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının da daxil olduğu nümayəndə heyəti iştirak edib.

    İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin əldə etdiyi nəticələr barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb. O, Sloveniya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib, bu potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin Sloveniya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb. Qeyd olunub ki, iş adamları arasında əlaqələrin intensivləşdirilməsi istiqamətində Azərbaycan və Sloveniyanın ixracın və investisiyaların təşviqi qurumları uğurla əməkdaşlıq edir. Görüşdə Azərbaycan-Sloveniya iqtisadi əməkdaşlığının genişləndirilməsi, ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb.

    Sloveniya parlamenti Milli Şurasının sədri M.Bervar Azərbaycana səfərindən və keçirilən görüşlərdən məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu söyləyib.

    Azərbaycanda investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edən "Azpromo"nun rəhbəri Rüfət Məmmədov təqdimatında ölkənin iqtisadi nailiyyətləri, sahibkarlar üçün yaradılmış biznes və investisiya mühiti barədə məlumat verib. Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu vurğulayan "Azpromo" rəhbəri sloveniyalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

    Görüşdə Sloveniya şirkətlərinin rəhbərləri təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verib, sənaye, turizm və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi