Yuxarı

Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilir

Növbəti forumun bu ilin noyabrında keçirilməsi planlaşdırılır

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Bakıda başlayan Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumunda 150-dən artıq Səudiyyə Ərəbistanının rəsmisi, 122 iş adamı və 100-dən çox yerli biznesmen iştirak edir. Bunu forumun açılış mərasimində Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

"Report" xəbər verir ki, Ş.Mustafayevin sözlərinə görə, növbəti forum bu ilin noyabr ayında Səudiyyə Ərəbistanında keçiriləcək: "Bu artıq ikinci forumdur. Birinci forum 2013-cü ildə hökumətlərarası komissiyanın iştirakı ilə Bakıda keçirilib. Bizim əlaqələr uğurla inkişaf edir. Bu inkişafın bariz nümunəsi cənab Prezident İlham Əliyevin apreldə Səudiyyə Ərəbistanına səfəridir. Biz normatıv hüquqi bazanın yaradılması ilə bağlı həmkarımla bu gün müzakirələr apardıq. Artıq ikiqat vergitutmanın ləğvi ilə bağlı və başqa bir neçə saziş imzalanıb".

Ş.Mustafayev qeyd edib ki, son 24 ildə 200 mlrd. dollardan artıq investisiya cəlb edilib: "Cəlb edilən investisiyaların 52%-i daxili investisiyalardır. Ölkənin xarici borcu ÜDM-in 10%-nə bərabərdir. Yoxsulluq 8 dəfə azalıb. Azərbaycana edilən yatırımlar 4,5 dəfə artıb".

Ş.Mustafayev ərəb tərəfi ilə aparılacaq danışıqlar zamanı müzakirə ediləcək lahiyələr haqqında da məlumat verib: "Bizim bir çox sahələrdə layihələrimiz var. İstərdik ki, yüksək texnologiyalar sahəsində və alternativ energetika sahəsində də əməkdaşləq edək".

"Səudiyyə Ərəbistanı Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır. Bizim ticarət əlaqələri heç də ürəkaçan deyil", - deyə Səudiyyə Ərəbistanının ticarət və sənaye naziri Tavfiq Favzan Alrabiahi deyib.

"Biz ikiqat vergitutmanı ləğv edilməsi ilə bağlı razılıq əldə etmişik. Azərbaycanlı iş adamlarına istədikləri şəraiti yaradacağıq, onlara istədikləri vaxt viza verəcəyik", - deyə nazir vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi