Yuxarı
    Bağlamaq

    Azərbaycanın iqtisadiyyat naziri Serbiyada avtomagistralın açılışına qatılıb

    Sözügedən layihənin reallaşdırılması üçün Azərbaycan hökuməti Serbiyaya 300 mln. avro kredit ayrılıb

    Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Serbiyada Azərbaycan və Serbiya hökumətləri arasında 2012-ci ildə imzalanan Kredit Sazişinə uyğun olaraq, tikilən avtomobil magistralının Ljig-Preljina hissəsinin açılışı olub. 

    İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.

    Yolun girişində Azərbaycan-Serbiya dostluğunu və iqtisadi əməkdaşlığını əks etdirən “Dostluq olan yerdə uzaq ölkə yoxdur. Bu yol xalqlarımızı birləşdirən yoldur. Serbiya-Azərbaycan dostluğu sarsılmazdır” lövhəsi yerləşdirilib.

    Açılış mərasimində çıxış edən Ş.Mustafayev Azərbaycan-Serbiya əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. Nazir bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər zamanı aparılan məhsuldar danışıqlar, imzalanan sənədlər iki ölkə arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır: "Dövlət başçımız Serbiya ilə əməkdaşlığa böyük önəm verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birinin mövqeyini dəstəkləyir. Azərbaycan-Serbiya əlaqələrinin inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. İndiyədək Komissiyanın 4 iclası keçirilib".

    "Ölkələrimiz arasında humanitar sahədə də önəmli layihələr həyata keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzi zəngin və qədim tarixə malik olan Azərbaycan və Serbiya xalqları arasında körpü rolunu oynayır və humanitar sahədə əməkdaşlığımıza öz töhfəsini verir. Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Serbiyada bir sıra sosial obyektlərin - Belqradda “Taşmaydan parkı”, “Bayraqlı cami” məscidi, Novi Sad şəhərində “Müqəddəs Petki” kilsəsi, Novi Pazarda Mədəniyyət Mərkəzinin təmir-tikinti işləri həyata keçirilib. Bundan başqa, Novi Sad şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun memorialı yaradılıb, Belqradın küçələrindən birinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adı verilib. Bu gün açılışı olan “11-ci dəhliz” avtomagistralının Lyiq-Preljina hissəsi Azərbaycan-Serbiya əməkdaşlığının gözəl nümunələrindəndir və yeni layihələr üçün stimuldur" - nazir diqqətə çatdırıb.

    Serbiyanın Baş naziri Aleksandr Vuçiç, baş nazirin birinci müavini, tikinti, nəqliyyat və infrastruktur naziri Zoran Mixayloviç çıxışlarında layihənın Serbiya-Azərbaycan əlaqələrinin inkişafında əhəmiyyətini vurğulayıb, iki ölkə arasında əməkdaşlığın inkişafına və bu gün açılışı olan avtomagistralın tikintisinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür ediblər.

    Sonra Aleksandr Vuçiç və Şahin Mustafayev avtomobil magistralının Ljig-Preljina hissəsinin açılışını əks etdirən lenti kəsib və xatirə lövhəsini açıblar.

    Serbiyaya səfər zamanı Ş.Mustafayev Serbiyanın baş nazirin birinci müavini, tikinti, nəqliyyat və infrastruktur naziri Zoran Mixayloviç və Serbiyanın İqtisadiyyat naziri Goran Knezeviçlə görüşüb. Bu görüşlərdə hər iki ölkədə qarşılıqlı əlaqələrin inkişafına önəm verildiyi, Azərbaycan və Serbiya arasında iqtisadi sahədə əməkdaşlığın uğurla davam etdiyi, əməkdaşlığın genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb. 

    Qeyd edək ki, sözügedən avtomobil magistralı Ljig-Preljina hissəsinin tikintisi üçün Azərbaycan hökuməti Serbiyaya 300 mln. avro kredit ayrıb. Ümumi uzunluğu 40,3 km olan yol 66 körpü və 4 tuneldən ibarətdir. Layihənin baş podratçısı Azərbaycanın “AzVirt” şirkətidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi