Azərbaycanın iqtisadiyyat naziri Göyçayda ictimaiyyətlə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Göyçayda ictimaiyyətlə görüşüb Görüşdə istehsal müəssisələrinin yaradılması, güzəştli kreditlərin verilməsi, torpaq sahəsinin ayrılması və s. ilə bağlı təkliflər səsləndirilib
Biznes
5 Fevral , 2016 17:00
Azərbaycanın iqtisadiyyat naziri Göyçayda ictimaiyyətlə görüşüb

Bakı. 5 fevral. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayevin ictimaiyyət nümayəndələri ilə növbəti görüşü bu gün Göyçay rayonunda keçirilib. “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, açıq dialoq şəraitində keçən görüşdə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, ictimaiyyət nümayəndələri və sahibkarlar iştirak ediblər.

Görüşdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev son illər rayonda görülən işlər, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib.

İqtisadiyyat naziri Ş.Mustafayev dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin neytrallaşdırılması üçün sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb: “2015-ci ildə sənaye 2,4%, qeyri-neft sənayesi 8,4%, kənd təsərrüfatı 6,6% artıb, ölkə iqtisadiyyatına 20 mlrd. dollar investisiya qoyulub. Son 10 ildə 3 minə yaxın məktəb, 600-ə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Gəlirlərin azalmasına baxmayaraq, dövlət başçısının əsasını insan amili təşkil edən siyasətinə uyğun olaraq, bütün sosial proqramlar tam həcmdə yerinə yetirilir”.

Ş.Mustafayev qeyd edib ki, qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı və əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla ilkin dəyəri 1,5 mlrd. manat olan 150-dən çox investisiya layihəsi hazırlanıb: “Bu layihələrin icrasına Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, yerli və xarici investisiyalar cəlb olunacaq və bölgələrdə istehsal, emal və digər müəssisələr yaradılacaq. Göyçay da bu layihələrin reallaşdırılacağı rayonlardandır. Belə ki, rayonda heyvandarlıq kompleksinin, intensiv bağçılıq təsərrüfatının, “yaşıl market”in və s. yaradılması nəzərdə tutulur. Ölkə başçısının Göyçay rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə imzaladığı 4 sərəncamla 10,1 mln. manat vəsait ayrılıb. Eyni zamanda əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə Göyçayın 50 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 5 mln. manat vəsait ayrılıb”.

Nazir vurğulayıb ki, dövlət proqramları çərçivəsində rayonun su təchizatının yaxşılaşdırılması məqsədilə 160,5 km su, 131,2 km kanalizasiya xətti çəkilib: “Bununla belə, 5 su anbarı tikilib, 5 subartezian quyusu qazılıb, avtomobil yolları tikilib və ya yenidən qurulub. Göyçayın 30 yaşayış məntəqəsi qazla təchiz olunub, 11 yaşayış məntəqəsinin qazlaşdırılması isə davam etdirilir. Rayonda 22 məktəb, 3 bağçası, 6 səhiyyə, 4 mədəniyyət, 3 gənclər və idman müəssisəsi tikilib və ya əsaslı təmir olunub, şəhid ailələri və əlillər üçün 45 mənzilli yaşayış binası istifadəyə verilib. İndiyədək Göyçay üzrə 270 sahibkara 11,6 mln. manat güzəştli kredit verilib. Rayonda 9,3 mini daimi olmaqla, 11,3 min yeni iş yeri açılıb, 370-dən artıq yeni müəssisə fəaliyyətə başlayıb”.

Görüşdə taxılçılıq, iri heyvandarlıq təsərrüfatının yaradılması, güzəştli kreditlərin verilməsi, soyuducu anbar kompleksinin yaradılması, istixana təsərrüfatının qazlaşdırılması, sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması, şərabçılıq məhsullarının ixracına dəstək göstərilməsi, sahibkarlara hüquqi yardım və s. məsələlər barədə müraciətlər və təkliflər səsləndirilib.

Nazir Ş.Mustafayev bir sıra məsələlərin yerindəcə həlli barədə müvafiq tapşırıqlar verib, qaldırılan digər məsələlərin araşdırılacağını və həlli üçün müvafiq tədbirlərin görüləcəyini deyib.

Son xəbərlər

Orphus sistemi