Yuxarı

Azərbaycanın iqtisadiyyat naziri BƏƏ-nin səfiri ilə görüşüb

Görüşdə bu il keçirilməsi nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb

Bakı. 28 yanvar. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi qəbul edib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Ş.Mustafayev bildirib ki, Azərbaycan və BƏƏ arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaradıb: “İndiyədək ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb, Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 5 iclası keçirilib. Eyni zamanda Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyi Bakıda açılıb”.

Azərbaycan və BƏƏ arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə toxunan nazir kənd təsərrüfatı, turizm, alternativ enerji, humanitar, təhsil və s. sahələrdə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb.

Görüş zamanı Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, münaqişə ilə bağlı ölkənin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

BƏƏ-nin Azərbaycandakı səfiri M.H.Alqubaisi Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edərək, fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində səy göstərəcəyini vurğulayıb. Eyni zamanda görüşdə bu il keçirilməsi nəzərdə tutulan Azərbaycan-BƏƏ iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi