Azərbaycanda iqtisadi inkişafla bağlı tədbirlər planı hazırlanacaq

Azərbaycanda iqtisadi inkişafla bağlı tədbirlər planı hazırlanacaq Nazir: "Sumqayıt Kimya Sənaye Parkına rezidentlərin investisiyaları 1,1 mlrd. dollar təşkil edəcək"
Biznes
18 Aprel , 2016 16:24
Azərbaycanda iqtisadi inkişafla bağlı tədbirlər planı hazırlanacaq

Bakı. 18 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib. “Report” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısının 2016-cı ilin islahatlar ili olacağını bəyan etdiyini vurğulayan iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev bu istiqamətdə həyata keçirilən tədbirlər və bu ilin birinci rübünün əsas sosial-iqtisadi göstəriciləri barədə məlumat verib. 

Nazir qeyd edib ki, regional və qlobal səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsiri davam edib: “Bu da bəzi iqtisadi göstəricilərdə öz əksini tapıb. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində 2016-cı ilin biribnci rübündə qeyri-neft sənayesi, kənd təsərrüfatı və bir sıra digər sahələrdə, eləcə də orta aylıq əmək haqqında artım davam edib, 37 min yeni iş yeri yaradılıb. Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarında, Neftçala Sənaye Məhəlləsində işlər davam etdirilir. Beləliklə, 3-ü bu ilin birinci rübündə olmaqla, 7 şirkətə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib ki, bu rezidentlərin layihәlәri əsasında cəlb olunan investisiyaların həcmi 1,1 mlrd. ABŞ dolları tәşkil edəcək. Eyni zamanda bu yaxınlarda daha bir neçə şirkətin rezidentliyə qəbul edilməsi məsələsinə baxılacaq. Yerli potensial nəzərə alınmaqla digər regionlarda da sənaye parkları və məhəllələrinin yaradılması imkanları araşdırılır, ənənəvi sənaye sahələrinin, o cümlədən xalçaçılığın inkişafı məqsədi ilə tədbirlər həyata keçirilir. Bundan başqa, Ələtdə azad ticarət zonasının təşkili istiqamətində işlər görülür”.

Ş.Mustafayev bildirib ki, dövlət başçısı tərəfindən kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, məhsuldarlığın artırılması, istifadəsiz torpaq sahələri ilə bağlı tədbirlərin görülməsi, pambıqçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün və çayçılığın inkişafı istiqamətində verilən tapşırıqların icrası istiqamətində tədbirlər həyata keçirilir: “Ənənəvi sahələrdən olan pambıqçılığın, tütünçülüyün inkişaf etdirilməsi məqsədilə stimulaşdırma işləri aparılır, bu sahədə fermerlərə güzəştli kreditlərdən, aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, fermerlərdən pambıq və tütünün alış qiyməti artırılıb. Eyni zamanda pambıq və tütün, eləcə də digər kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları ilə mütəmadi olaraq görüşlər keçirilir, onların problemləri və təklifləri öyrənilir. Hazırda bu təkliflərin reallaşdırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir”.

Daha sonra Nazirliyin əlaqədar struktur bölmələrinin rəhbərləri hesabat məruzələri ilə çıxış ediblər.

Ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov vurğulayıb ki, Nazirlik tərəfindən kənd təsərrüfatı, emalı məhsullarına ixracla bağlı geri ödəmə mexanizminə, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması, marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsinə və s. qaydaların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. O qeyd edib ki, hazırda logistika imkanlarının genişləndirilməsi məqsədi ilə Rusiyanın Yekaterinburq şəhərində (Sverdlovsk vilayəti) Azərbaycanın növbəti logistika mərkəzinin yaradılmasına dair işlər aparılır.

Kollegiyanın sədri Ş.Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn, İqtisadiyyat Nazirliyi qarşısında qoyulan vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi