Yuxarı

​Azərbaycan və Meksika gömrük xidmətləri sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib

Görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində fikir mübadiləsi aparılıb

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floresi qəbul edib. Bu barədə “Report”a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

A.Əliyev iki ölkənin istər iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

DGK sədri iki ölkənin gömrük xidmətləri arasında əlaqələrinə toxunaraq, 2014-cü ilin sentyabrında DGK nümayəndə heyətinin Ümumdünya Gömrük Təşkilatının Beynəlxalq PICARD Konfransında iştirak etmək üçün Meksikaya səfərini xatırladıb, eləcə də ötən il Bakıda keçirilən X illik PICARD Konfransında meksikalı tələbələrin iştirakının qarşılıqlı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi üçün çox faydalı olduğunu bildirib.

DGK sədri “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş”in artıq hazır olduğunu və yaxın zamanlarda imzalanacağına ümid etdiyini bildirib, bu sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyini diqqətə çatdırıb.

Komitə sədri iqtisadi-ticari əlaqələrdən, iki ölkə arasında ticarət dövriyyəsinin həcmindən də söhbət açıb, dövriyyənin daha da artırılması ilə bağlı imkanların mövcudluğundan və bu imkanlardan maksimum yararlanmağın vacibliyindən bəhs edib.

Meksika səfiri X.R.L.Flores Azərbaycanda ölkəsinin səfiri kimi fəaliyyətindən məmnunluğunu ifadə edib, burada az müddətdə böyük təəssüratlar əldə etdiyini bildirib.

Meksika hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirən diplomat iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Meksika gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Qonaq ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu vurğulayıb, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi