Azərbaycan Sahibkarlar Konfederasiyasının iş planı və büdcəsi təsdiqlənib

Azərbaycan Sahibkarlar Konfederasiyasının iş planı və büdcəsi təsdiqlənib Konfederasiyanın tərkibində iki yeni komitə yaradılır
Biznes
26 Fevral , 2016 13:18
Azərbaycan Sahibkarlar Konfederasiyasının iş planı və büdcəsi təsdiqlənib

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Rəyasət Heyətinin növbəti iclası keçirilib. "Report"un verdiyi xəbərə görə, Konfederasiyanın prezidenti Məmməd Musayev bildirib ki, son vaxtlar ölkədə sahibkarlığın inkişafı ilə bağlı mühüm qərarlar qəbul olunub, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə çoxsaylı tapşırıqlar verilib. Rəyasət Heyətinin iclasında bu məsələlər və Konfederasiyanın qarşısında duran vəzifələr, növbəti il üçün nəzərdə tutulan iş planının təsdiqi müzakirə olunub.

M.Musayev ötən il ərzində ASK-nın həyata keçirdiyi layihələrin əhəmiyyətindən, ölkənin iqtisadi inkişafında sahibkarlıq fəaliyyətinin genişlənməsindən danışıb. Qeyd edib ki, gələcəkdə də Konfederasiya öz dəst-xəttini dəyişməyəcək, sahibkarların hüquq və mənafelərini qorumaq istiqamətində səmərəli fəliyyətini bundan sonra da tələb olunan səviyyədə davam etdirəcək.

İclasda iştirak edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə sahibkarları cəmiyyətdə fəal mövqe nümayiş etdirməyə səsləyib. Bildirib ki, onlar iş adamlarının təkliflərini gözləyir, qanunların qəbulu zamanı bu təkliflərin nəzərə alınmasında maraqlıdırlar.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov təklif irəli sürüb ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclaslarında Konfederasiya nümayəndələrinin iştirakına icazə verilərsə, bu cür prosedur gələcəkdə müsbət nəticə verə bilər.

Həmçinin iclasda 2016-cı ilin I rübü üçün ASK-nın iş planı, daha sonra Konfederasiyaya müraciət edən iş adamlarının üzvlüyə cəlb olunması ilə bağlı siyahı təsdiqlənib. Rəyasət Heyəti yekdilliklə yeni büdcənin qəbulunu məqbul sayıb.

Bundan başqa, iclasda ASK-nın tərkibində iki yeni “Tikinti materialları istehsalı müəssisələri ilə iş” və “Rabitə,  İnformasiya-Kommunikasiya və Texnologiya müəssisələri ilə iş” komissiyalarının yaradılması təklifi səsə qoyularaq qəbul edilib.

Daha sonra Rəyasət Heyətinin tərkibində dəyişiklik edilməsinin vacibliyi önə çəkilib. 

İclasa yekun vuran M.Musayev dövlət qurumları ilə əlaqələrin tələb olunan səviyyədə olduğunu, həmçinin beynəlxalq təşkilatlarla da yeni əməkdaşlıq imkanlarının yarandığını qeyd edib. Gələcəkdə Konfederasiyasının fəaliyyətini daha da zənginləşdirməyin zəruri olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi